
“Real Madrid”in braziliyalı hücumçusu Vinisius Junior çempionatın səkkizinci turunun “Vilyarreal”a qarşı ev oyununda (1:0) meydandan kənarlaşdırıldıqdan sonra dörd oyunluq cəzalandırılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə İspaniya Kral Futbol Federasiyasının (RFEF) intizam komitəsinin mətbuat xidməti məlumat yayıb.
Vinisius “Vilyarreal”ın kanadalı yarımmüdafiəçisi Natan Salibanın saçından tutduğuna görə meydandan kənarlaşdırılıb.
Hadisə matçın 72-ci dəqiqəsində, hesab 1:0 “Real Madrid”in xeyrinə olarkən baş verib.
Vinisius qol vursa da, video köməkçi hakimin müdaxiləsindən sonra hakim qolu saymayıb və Vinisiusa birbaşa qırmızı vərəqə göstərib.
Beləliklə, Vinisius “Sevilya” (18 oktyabr), “Barselona” (25 oktyabr), “Rasinq” (1 noyabr) və “Valensiya” (7 noyabr) ilə oyunları buraxacaq.
Qeyd edək ki, səkkiz turdan sonra “Real Madrid” İspaniya liqasında 18 xalla dördüncü yerdədir. Turnir cədvəlinə 24 xalla “Barselona” başçılıq edir. “Atletiko Madrid” ikinci, “Betis” isə üçüncü yerdədir. Hhər iki klubun 19 xalı var.
Xatırladaq ki, 26 yaşlı Vinisius bu mövsüm “Real Madrid”in heyətində bütün turnirlərdə keçirdiyi doqquz oyunda bir qol vurub və üç məhsuldar ötürmə edib.
Tətbiqimizi yükləyə bilərsiniz