İlham Əliyev rəsmiləri qəbul etdi – Fotolar


Prezident İlham Əliyev oktyabrın 14-də Şri-Lanka Demokratik Sosialist Respublikasının xarici işlər, xarici məşğulluq və turizm naziri Vicita Heratı qəbul edib.
Yeniavaz.com
xəbər verir ki, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Zirvə Görüşünə dəvətə görə minnətdarlığını bildirən qonaq bu mötəbər tədbirin Bakıda keçirilməsi, həmçinin Azərbaycanın uğurlu sədrliyi münasibətilə dövlət başçısını təbrik edib. O, Zirvə Görüşünün iştirakçı ölkələr arasında əməkdaşlığın genişləndirilməsinə töhfə verəcəyinə əminliyini bildirib.
Prezident İlham Əliyev Azərbaycanın AQEM-ə sədrliyi ilə əlaqədar qərarı dəstəklədikləri üçün üzv ölkələrə, həmçinin Şri-Lankaya təşəkkürünü bildirib. Dövlət başçısı qeyd edib ki, bu, ölkəmizin təşkilata uğurlu sədrliyinin, həmçinin Azərbaycana olan hörmət və etimadın göstəricisidir.
Azərbaycan Prezidenti Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirinin ölkəmizə səfərinin, eyni zamanda, ikitərəfli əməkdaşlıqla bağlı məsələləri müzakirə etmək üçün də yaxşı imkan yaratdığını deyib.
Vicita Herat son təbii fəlakətlər zamanı ölkəmizin Şri-Lankaya göstərdiyi humanitar yardıma görə minnətdarlığını ifadə edib.
Görüşdə Azərbaycanın və Şri-Lankanın beynəlxalq təşkilatlar, o cümlədən BMT, Qoşulmama Hərəkatı və AQEM çərçivəsində yaxşı əməkdaşlığının olduğu vurğulanıb.
Siyasi əlaqələrin səviyyəsinə uyğun olaraq iqtisadiyyat, ticarət, turizm sahələrində də münasibətlərimizin genişləndirilməsi imkanları ilə bağlı fikir mübadiləsi aparılıb. Şri-Lankadan olan tələbələrin Azərbaycanda təhsil aldıqları qeyd edilərək, bu sahədə əməkdaşlığın perspektivləri müzakirə olunub.

***

Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vyetnam Sosialist Respublikasının Vitse-prezidenti xanım Vo Thi An Suan ilə görüşüblər.
Dövlət başçısı Vyetnamın Vitse-prezidenti Vo Thi An Suanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Bakıda keçiriləcək Zirvə Görüşündə iştirakına görə minnətdarlığını bildirib, bu səfərin, eyni zamanda, gündəlikdə duran ikitərəfli məsələlərin müzakirəsi üçün imkan yaratdığını deyib.
Özünün Vyetnama, Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın isə Azərbaycana səfərini xatırladan Prezident İlham Əliyev bu səfərlər zamanı aparılmış müzakirələrin əhəmiyyətini qeyd edib, əlaqələrimizin strateji tərəfdaşlıq mahiyyəti daşıdığını bir daha vurğulayıb.
Azərbaycan Prezidenti ölkəmizin AQEM-də sədrliyinin müddətinin uzadılmasına göstərdiyi dəstəyə görə Vyetnama minnətdarlığını ifadə edib.
Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya qəbula görə təşəkkür edən qonaq ölkəmizə daha əvvəlki səfərini və dövlətimizin başçısı ilə görüşünü məmnunluqla xatırlayıb.
Vitse-prezident Vo Thi An Suan Azərbaycanın əldə etdiyi nailiyyətlər, həmçinin AQEM-ə uğurla sədrliyi və bu qurumun Zirvə Görüşünün Bakıda keçirilməsi münasibətilə təbriklərini çatdırıb. O qeyd edib ki, ölkəsi Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir.
Azərbaycanla Vyetnam arasında tarixi əlaqələri qeyd edən qonaq Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibinin ölkəmizə səfəri zamanı strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanatın qəbul olunmasının əlaqələrimizin yeni səviyyəyə çatdırılmasında mühüm rol oynadığını bildirib.
Vyetnam Sosialist Respublikasının Prezidenti Ho Şi Minin Azərbaycana, Ulu Öndər Heydər Əliyevin SSRİ rəhbərliyində olduğu zaman Vyetnama, həmçinin dövlətimizin başçısının bu ölkəyə səfərləri məmnunluqla xatırlanıb, bu tarixi irsin Azərbaycan-Vyetnam əlaqələrinin inkişafında mühüm rol oynadığı qeyd edilib.
Qonaq Vyetnamın azadlıq mübarizəsindən sonra bu ölkənin inkişafında, həmçinin energetika sektorunun bərpasında, kadr potensialının hazırlanmasında vaxtilə Azərbaycanın göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyini deyərək, bunun ölkələrimiz arasında əməkdaşlıq üçün yaxşı tarixi ənənə və əsas yaratdığını qeyd edib. O, həmçinin sovet dövründə minlərlə vyetnamlı tələbənin Azərbaycanda təhsil aldığını məmnunluqla xatırlayıb.
Görüşdə Azərbaycan və Vyetnamın beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı qeyd edilib, siyasi əlaqələrimizin ruhuna uyğun olaraq iqtisadi, ticarət, nəqliyyat-logistika, bərpaolunan enerji, turizm, sərmayələr, azad viza rejiminin tətbiqi sahələrində tərəfdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
Energetika sahəsində əməkdaşlığa toxunularaq, SOCAR ilə "PetroVyetnam" arasında Anlaşma Memorandumunun imzalandığı və bundan irəli gələrək tərəfdaşlığın daha da genişləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub.
Qonaq Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Vyetnamda həyata keçirdiyi humanitar və mədəni layihələrə görə təşəkkürünü bildirib, Fondun vitse-prezidenti Leyla Əliyevanın Vyetnama səfərini məmnunluqla xatırlayıb.

***

Prezident İlham Əliyev oktyabrın 14-də Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü, Çin Xalq Respublikasının xarici işlər naziri Vanq Yini qəbul edib.
Prezident İlham Əliyev Çin Xalq Respublikasına dövlət səfərini, bu əsnada Sədr Si Cinpinlə görüşlərini, həmçinin səfər çərçivəsində ölkələrimizin strateji tərəfdaşlığına dair Birgə Bəyanatın qəbul edilməsini məmnunluqla xatırladı və qeyd edib ki, bununla da əlaqələrimiz yeni səviyyəyə qalxıb.
Qonaq daha əvvəllər ölkəmizə səfərini və dövlət başçısı ilə görüşünü məmnunluqla xatırlayaraq, Çin Xalq Respublikasının Sədri Si Cinpinin salamlarını Prezident İlham Əliyevə çatdırıb.
Dövlət başçısı salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Sədr Si Cinpinə çatdırmağı xahiş edib.
Prezident İlham Əliyevin Çinə səfəri zamanı Azərbaycanla Çinin strateji tərəfdaşlığına dair qəbul edilmiş Birgə Bəyanatın əhəmiyyətinə toxunan Vanq Yin vurğulayıb ki, Çin Azərbaycanın etibarlı və uzunmüddətli tərəfdaşıdır.
Bakıda gördüyü inkişaf proseslərinin onda dərin təəssürat hissi yaratdığı deyən qonaq Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin uğurlu və dinamik inkişafını qeyd edib, bütün bunlara Azərbaycanın yaxın dostu kimi Çinin səmimi-qəlbdən sevindiyini bildirib.
Qonaq Çinin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini daim dəstəklədiyini qeyd edib, ölkəmizin beynəlxalq və regional məsələlərdə artan rolunu xüsusi vurğulayıb.
O, Azərbaycanın AQEM-də sədrliyi, həmçinin ölkəmizin bu təşkilatın Zirvə Görüşünə ev sahibliyi etməsi münasibətilə təbriklərini çatdırıb.
Xoş sözlərə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev öz növbəsində Çinin dinamik inkişafını qeyd edərək, bu ölkənin Qlobal Cənubun maraqlarını təmsil etməsinin və davamlı inkişafa verdiyi dəstəyin Azərbaycan tərəfindən yüksək qiymətləndirildiyini bildirib.
Dövlət başçısı ölkəmizin “Vahid Çin” siyasətini daim dəstəklədiyini vurğulayıb.
Prezident İlham Əliyev, həmçinin “Bir kəmər, bir yol” layihəsinin önəmini qeyd edib və Azərbaycanın buna dəstək verən ilk ölkələrdən biri olduğunu xatırlayıb.
Orta Dəhlizin dinamik inkişaf etdiyini deyən dövlət başçısı bu xüsusda Azərbaycanla Çin arasında əməkdaşlıq üçün geniş imkanların olduğunu bildirib.
Qonaq Azərbaycanın Orta Dəhlizdə mühüm mövqeyə malik dövlət olduğunu vurğulayıb.
Prezident İlham Əliyev dedi ki, hazırda iqtisadi-ticari əlaqələrimiz də siyasi əlaqələrin ruhuna uyğun olaraq fəal inkişaf edir. Bu xüsusda dövləti başçısı Çin şirkətlərinin Azərbaycanda müxtəlif investisiya layihələrində yaxından iştirakını qeyd edib.
Söhbət zamanı bərpaolunan enerji sahəsində əməkdaşlıq məsələlərinə toxunulub, ölkələrimizin separatizm, ekstremizm və radikalizmə qarşı mübarizədə əməkdaşlıq etdiyi vurğulanıb.

***

Prezident İlham Əliyev oktyabrın 14-də Bəhreyn Krallığının xarici işlər naziri Əbdüllətif bin Rəşid Al Zayanini qəbul edib.
Qonaq Bəhreyn Kralı Həməd bin İsa Al Xəlifənin salamlarını dövlət başçısına çatdırıb və qeyd edib ki, Kral Azərbaycanla münasibətlərə böyük önəm verir.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Bəhreyn Kralına çatdırmağı xahiş edib.
Dövlət başçısı ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin və yüksəksəviyyəli tərəfdaşlığın olduğunu deyib.
Prezident İlham Əliyev Bəhreyn Krallığının xarici işlər nazirinin Azərbaycana səfərinin ikitərəfli əlaqələrin müxtəlif aspektlərini müzakirə etmək üçün də yaxşı imkan yaratdığını vurğulayıb.
Qonaq ölkəmizin AQEM-ə sədrliyinin uzadılması ilə bağlı Prezident İlham Əliyevə təbriklərini çatdırıb, Azərbaycanın bu təşkilata yüksək səviyyədə sədrlik etdiyini deyib.
Görüşdə Azərbaycanla Bəhreyn arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb.



















DİGƏR XƏBƏRLƏR

Top