“Azərbaycanla aramıza nifaq toxumunun səpilməsinə imkan verilməməlidir” – Baxçalı


“Başda Azərbaycan olmaqla, türk dünyası ölkələri arasında qardaşlıq münasibətlərinə və mənəvi bağlara xələl gətirəcək heç bir nifaq toxumunun səpilməsinə imkan verilməməlidir”.
Yeniavaz.com
xəbər verir ki, bunu Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı deyib.
O bildirib ki, Egeydən Xəzərə, keçmişdən gələcəyə Türkiyə və Azərbaycan eyni mənəvi coğrafiyanın iki güclü dövlətidir:
“İki ölkə arasındakı qardaşlıq münasibətlərinə xələl gətirməyə yönələn istənilən yanaşma qarşısında sağlam düşüncə, qarşılıqlı anlaşma və ortaq məntiq əsasında hərəkət etmək böyük əhəmiyyət daşıyır.
Türkiyənin Türk Dövlətləri Təşkilatına dövri sədrlik edəcək olması da bu hadisələrin ortaya çıxardığı mühüm məsuliyyət və fürsətdir. Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər isə bu prosesin ən güclü dayaqlarından biridir. İki ölkə arasındakı tarixi, mədəni və qardaşlıq bağları siyasi hadisələrdən kənarda, xalqlarımızın ortaq yaddaşına və mənəvi bağlılığına əsaslanır.
Bu baxımdan, Qarabağ Zəfərinin Ali Baş Komandanı, Azərbaycanın Prezidenti cənab İlham Əliyev ilə ölkəmizin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın sammit çərçivəsində keçirəcəkləri görüşün Türkiyə-Azərbaycan qardaşlığının sarsılmaz iradəsini bir daha nümayiş etdirəcəyinə inanırıq.
Oktyabr ayının son həftəsində Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının sammiti bu baxımdan tarixi əhəmiyyət daşıyır. Sammitdə dövri sədrliyin Azərbaycandan Türkiyəyə keçməsi ilə Türkiyə türk dünyasının ortaq məqsədlərinin həyata keçirilməsi istiqamətində mühüm məsuliyyət üzərinə götürəcək”.
Baxçalı bildirib ki, iki ölkə arasında nifaq toxumunun səpilməsinə imkan verilməməlidir:
“İstiqamətimiz aydındır: başda Azərbaycan olmaqla, türk dünyası ölkələri arasında qardaşlıq münasibətlərinə və mənəvi bağlara xələl gətirəcək heç bir nifaq toxumunun səpilməsinə imkan vermədən, türk respublikalarının suverenliyinə və müstəqilliyinə qarşılıqlı hörmət əsasında əməkdaşlığımızı dərinləşdirmək, tariximizin üzərimizə qoyduğu məsuliyyəti dərk edərək ortaq gələcəyimizi qurmaq, Türk və Türkiyə Əsrinin hədəflərini türk dünyasının yüksəlişi ilə birləşdirməkdir.
Türkiyə Türk Dövlətləri Təşkilatına dövri sədrliyi dövründə tarixindən aldığı güc, dövlətçilik təcrübəsi və gələcəyə baxışı ilə türk dünyasının birlik, həmrəylik və yüksəliş məqsədlərinə töhfə verməyə davam edəcək”.

DİGƏR XƏBƏRLƏR

Top