
Böyük Britaniyada pələngin hücumu nəticəsində həyatını itirən 23 yaşlı Uilyam Çapmanın ailəsi hadisənin görüntülərinin sosial şəbəkələrdə yayılmasına son qoymağa çağırıb.
Yeniavaz.com xəbər verir ki, ailə ABŞ Prezidenti Donald Trampın da paylaşdığı görüntülərin yayılmasının onlara ciddi mənəvi sarsıntı yaşatdığını bildirib.
Qeyd edək ki, Tramp oktyabrın 13-də “Truth Social” platformasında Britaniyanın Yorkşir Vəhşi Təbiət Parkında baş verən ölümcül hücumun görüntülərini yayımlayıb. O, paylaşımına “Təbiətlə heç vaxt zarafat etməyin!” şərhini əlavə edib.
Daha sonra ABŞ Prezidenti süni intellekt vasitəsilə hazırlanmış, özünün pələngi ram etdiyi və onunla oynadığı videonu da paylaşıb.
Hadisə şənbə günü İngiltərənin şimalında, Donkaster şəhəri yaxınlığında yerləşən parkda baş verib. Pələngin olduğu əraziyə daxil olan 23 yaşlı Uilyam Çapman hadisə yerində ölüb.
Çapmanın ailəsi çərşənbə axşamı yaydığı açıqlamada hadisənin görüntülərinin paylaşılmasının onların onsuz da ağır olan vəziyyətini daha da çətinləşdirdiyini bildirib.
“Dərin dərəcədə təhqiredici media məzmununun dərc edilməsi və yayılması son dərəcə həssas bir dövrdə bizə ciddi mənəvi əzab verir. İnsanlardan bu cür paylaşımlara son qoymağı xahiş edirik”, – deyə ailənin açıqlamasında bildirilib.
Ailə Çapmanı “ağıllı, mehriban və ünsiyyətcil bir gənc” kimi xarakterizə edib. Bildirilib ki, o, bir neçə il ərzində ciddi psixi sağlamlıq problemlərindən əziyyət çəkib.
Tətbiqimizi yükləyə bilərsiniz