
Türkiyənin İstanbul şəhərində “Halk TV” televiziyasına polis tərəfindən basqın edilib.
Yeniavaz.com “Sözcü”yə istinadla xəbər verir ki, əməliyyat çərçivəsində barəsində həbs qərarı verilən 17 nəfərdən 11-i saxlanılıb.
İstintaq materiallarına görə, basqına səbəb qanunsuz yollarla bəzi bələdiyyələrdən alınan tenderlərin və əldə edilən gəlirlərin “Halk TV”nin maliyyələşdirilməsində istifadə olunması olub.
Daha sonra polis qüvvələri ilə bərabər kanala qəyyum təyin edilən İbrahim Paşalı və onun rəhbərlik etdiyi heyət binaya daxil olub.
Həbs qərarı verilənlər arasında “Halk TV”nin İdarə Heyətinin Sədri Cəfər Mahiroğlunun da olduğu deyilir.
C.Mahiroğlu “rüşvət”, “tenderlərdə qanunsuzluq” və “cinayət yolu ilə əldə edilmiş əmlakın (çirkli pulların) leqallaşdırılması” ittihamları ilə məsuliyyətə cəlb edilib.
Məhkəmə qərarı ilə Cəfər Mahiroğlunun sahibi olduğu, ortaqlığı və ya əlaqəsi olduğu müəyyən edilən bütün şirkətlərin idarəçiliyinin dövlət qurumu olan TMSF-yə (Yığım Əmanətlərinin Sığortalanması Fondu) verildiyi bildirilib. “Halk TV” də bu şirkətlər şəbəkəsinə daxil olduğu üçün qəyyum heyəti birbaşa kanala gələrək rəhbərliyi təhvil alıb.
Tətbiqimizi yükləyə bilərsiniz