“Formula 1” Afrikaya qayıdır


“Formula 1” Afrika Qran Prisinin Ruandada keçirilməsi üçün on illik müqavilə imzalayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidməti məlumat verib.
Məlumata görə, birinci mərhələ 2030-cu illərin əvvəllərində planlaşdırılır.
“Formula 1” veb saytına görə, trek Ruandanın Şərq əyalətindəki Buqesera şəhərində, Kiqalidən təxminən 40 kilometr cənubda, yeni beynəlxalq hava limanının yaxınlığında inşa ediləcək.
Layihənin “FIA Grade 1” standartlarına cavab verdiyi və “Formula 1” yarışlarına ev sahibliyi etməyə imkan verdiyi qeyd olunur.
“Afrika həmişə “Formula 1”in gələcəyinin bir hissəsi olub və lap əvvəldən ora qayıtmaqda qərarlı idik", - deyə “Formula 1” prezidenti Stefano Domenikali bildirib.
Təşkilatın mətbuat xidməti qeyd edibki, trekin tikintisi Ruanda İnkişaf Şurasının daha geniş proqramının bir hissəsidir. Bu proqram idman, turizm, infrastruktur və ticarət sahələrini əhatə edir.
Trek il boyu açıq olacaq və beynəlxalq avtoidman tədbirlərinə, böyük tədbirlərə və konfranslara ev sahibliyi edəcək.
Qeyd edək ki, “Formula 1” yarışı sonuncu dəfə Afrikada 1993-cü ildə keçirilib. Yarış Cənubi Afrikadakı Kyalami trekində baş tutub.

DİGƏR XƏBƏRLƏR

Top