“Qiyamət günü: Cümə, 13 noyabr 2026” – 66 il əvvəl yazılan məqalə gündəm oldu


1960-cı ildə bir qrup alim dünya əhalisinin sürətlə artması ilə bağlı araşdırma aparıb.
Yeniavaz.com
“Daily Mail”ə istinadən xəbər verir ki, 66 il əvvəl avstraliyalı fizik Heinz fon Foerster və onun həmkarları təxminən 2 min il ərzində dünya əhalisinin necə dəyişdiyini araşdırıblar.
Heinz fon Foerster və həmkarları araşdırmalarını 1960-cı ildə “Science” jurnalında dərc etdiriblər. Məqalə “Qiyamət günü: Cümə, 13 noyabr 2026” adlanıb. Həmin vaxt dünya əhalisinin sayı 3 milyarddan bir qədər çox olub.
Onlar əhali artımına dair 24 statistik göstəricini təhlil edərək bu nəticəyə gəliblər ki, əhali artımı həmin dövrdəki sürətlə davam edəcəyi təqdirdə, 2026-cı il noyabrın 13-də riyazi baxımdan qeyri-mümkün bir həddə çatacaq. Alimlər bu tarixi şərti olaraq “dünyanın sonu” adlandırıblar.
Alimlər bu prosesi riyazi model əsasında hesablayıblar. Hesablamalara görə, əhalinin ikiqat artması üçün tələb olunan müddət getdikcə azalaraq sıfıra yaxınlaşacaqdı. Başqa sözlə, dünya əhalisi qısa müddətdə qeyri-mümkün həddə çatmış olacaqdı.
“Daily Mail” nəşrində qeyd olunur ki, 1960-cı illərdə dünya əhalisi sürətlə artırdı. Lakin sonrakı onilliklərdə bu artımın tempi aşağı düşməyə başladı. Buna görə də 1960-cı ildə irəli sürülən proqnozun əsaslandığı tendensiya əvvəlki kimi davam etmədi.
Hazırda dünya əhalisinin sayı təxminən 8,2 milyard nəfərdir.
Məlumatlara görə, dünya əhalisinin illik artım tempi 1963-cü ildə təxminən 2,2 faiz olub. 2026-cı ildə isə bu göstəricinin 0,84 faiz civarında olduğu bildirilir.
1960-cı illərdəki artım sürəti davam etsəydi, dünya əhalisinin ikiqat artması təxminən 32 il çəkərdi. Hazırkı artım tempində isə bunun üçün təxminən 83 il tələb olunur.
Məlumatda həmçinin qeyd olunur ki, əhali artımının yavaşlamasının əsas səbəblərindən biri doğum səviyyəsinin azalmasıdır. Bir sıra ölkələrdə ailələr əvvəlki dövrlərlə müqayisədə daha az uşaq sahibi olurlar. Bəzi ölkələrdə isə əhalinin yaşlanması və doğulan uşaqların sayının azalması nəticəsində əhali artımı zəifləyir, hətta əhali sayı azalmağa başlayır.

DİGƏR XƏBƏRLƏR

Top