"Yıxılıb xəsarət alanlar qəzalarda xəsarət alanlardan çox olacaq"

"Ölkənin hər yerinə, o cümlədən Abşeron yarımadasına yağan qar yollarda hərəkətə ciddi təsir edib. Bu gün apardığım müşahidələr bəzi yaxşı və pis nəticələrə gəlməyimə imkan verdi". Yeniavaz.com xəbər verir ki, bunu nəqliyyat eksperti Ərşad Hüseynov bildirib.

"İlk yaxşı qənaət odur ki, xeyli sürücü fərdi avtomobilini həyətində və qarajında qoymağı üstün tutub. Bunu alqışlamaq lazımdır. Əgər avtomobiliniz bu şərait üçün tam uyğun deyilsə, özünüz qar-buzda sürmək üçün təlim keçməmisinizsə, təcrübəniz azdırsa və s. avtomobili duracaqda buraxıb piyada və ya ictimai nəqliyyatla gəzmək əladır. Sürücülərimiz bu çağırışları dəstəklədiklərinə görə sağ olsunlar",-deyə Ə. Hüseynov bildirib.

Ekspert deyib ki, başqa bir yaxşı qənaət odur ki, yol təsərrüfatı qurumlarının fəaliyyəti əvvəlki illərdən az da olsa fəaldır: "Məsələn, bu gün səhər 7-8 radələrində şəhərin bəzi təhlükəli yolayrıclarına duz səpildiyini və buzlaşmanın olmadığını, bəzi magistral küçə və prospektlərdə qarın ən azı bir partiya küründüyünü gördüm. Amma bu hələ azdır. Pis qənatlər daha çoxdur. Əsas narahatedici məqam odur ki, nə "Azəravtoyol"da, nə də Bakı Şəhər İcra Hakimiyyətində yoldan qarı götürən texnikanın olduğunu görmədim. Deyəsən, bu qurumlar Bakıya qarın adətən az miqdarda yağdığına və tez əridiyinə əmindirlər. Ona görə də onların texnikası qarı yalnız yolun kənarına kürüyür. Hərəkət hissəsinin kənarında toplanmış qar isə həm hərəkət hissəsini daraldaraq zolaqlarda rahat hərəkətə mane olur, həm avtomobili yolun kənarına çəkərək dayanmağa imkan vermir, həm də tədricən əriyən qarın suyu gecə saatlarında donarsa, ciddi təhlükə doğura bilər. Ən yaxşısı odur ki, yoldakı qar yoldan götürülərək kənara aparılsın (Rusiyada, Avropada belə edirlər).

İkinci pis məqam odur ki, səkilər ümumiyyətlə təmizlənmir. Ona görə də yol hərəkətinin ən kütləvi iştirakçısı olan piyadalar çox çətinliklə hərəkət edirlər, hətta əminəm ki, belə qarlı-buzlu vaxtda piyada olaraq yıxılıb yüngül də olsa xəsarət alanlar avtoqəzalarda xəsarət alanlardan xeyli çox olacaq. Üçüncü pis məqam odur ki, bəzi təcrübəsiz sürücülər guya ki, yaxşı təchiz olunmuş (qış təkəri vurulan, oxunun hər ikisi çəkən və s.) avtomobillə yola çıxaraq təhlükəli sürmə nümayiş etdirirlər. Onlara izah etmək lazımdır ki, qarda sürüşməyən təkər yoxdur. Qarda dərhal dayanmaya imkan verən tormoz sistemi də yoxdur. Ona görə də oyun çıxarmayın.

Dördüncü pis məqam odur ki, bəzi taksi sürücüləri, hətta marşrutdan kənar fəaliyyət göstərən avtobus sürücüləri qaz vurub qazan doldurmaq eşqinə düşürlər. Adi halda 2 manata getdiyi yola rörə 7-10 manat istəyənlər barədə məlumat gəlir. Əslində belələri "xalturşik"dirlər. Qarda-buzda adi haldakı qiymətin 50 qəpik, uzağı 1 manat artırılmsını başa düşmək olar, amma 2-3 qat artıq qiymət oxumaq vicdansızlıqdır.

Başqa bir xoşagəlməz məqam da odur ki, şəhərin küçə-yol şəbəkəsində ən tez buzlaşan nöqtələrə, xüsusən körpülərə ayrıca diqqət yönəldilmir. Körpülərin buzlaşmaması üçün xüsusi diqqətə ehtiyac var".

DİGƏR XƏBƏRLƏR

Top