
Qara dənizdə, Bolqarıstanın Byala şəhərindən 18 dəniz mili şərqdə yerləşən gəmiyə üç hava dronu ilə hücum edilib.
Yeniavaz.com ölkə mətbuatına istinadla xəbər verir ki, bu barədə Bolqarıstanın Baş naziri Rumen Radev məlumat yayıb.
O, həmçinin bildirib ki, Krapets şəhərindən 17 dəniz mili şərqdə olan digər gəmi isə hücuma məruz qalaraq batıb.
Baş nazir bildirib ki, həmin gəminin heyət üzvlərindən biri xilas edilib.
“Bolqarıstan Qara dənizdə daha bir gəmi ilə bağlı təcili axtarış-xilasetmə əməliyyatı həyata keçirir. Byaladan 18 dəniz mili aralıda yerləşən “Chelsea 3” adlı yük gəmisi ilə bağlı təhlükə siqnalı çərşənbə axşamı saat 01:30-da qəbul edilib. Varna Dəniz Xilasetmə Koordinasiya Mərkəzi dərhal tədbirlər görüb. Heyət üzvlərinin məlumatına görə, gəminin göyərtəsi və yan tərəfi üç hava dronunun zərbəsinə məruz qalıb.
Xilasetmə qruplarımız dərhal hərəkətə keçib. Sərhəd Polisi əməkdaşları gəmidə olanların hamısını xilas ediblər. Onlardan yeddisi Ukrayna, səkkizi isə Azərbaycan vətəndaşıdır”, – Radev bildirib.
O bildirib ki, gəmi Ukraynanın Odessa şəhərində qeydiyyatdan keçib və Ukraynaya məxsusdur.
Radevin sözlərinə görə, heyət üzvləri onun açıqlamasından bir neçə dəqiqə əvvəl Varnadakı limana çatdırılıblar. Mövcud məlumatlara əsasən, yüngül xəsarətlər aldığı ehtimal edilən beş nəfərə tibbi yardım göstərilib.
Tətbiqimizi yükləyə bilərsiniz