Qoz Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilir? – Siyahı


Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycana xarici ölkələrdən 988 ton 990 kiloqram qabıqlı qoz idxal edilib.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, idxal olunan məhsulun ümumi dəyəri 2 milyon 64,13 min dollar olub.
İdxal edilən qabıqlı qozun 1 kiloqramının orta gömrük dəyəri 2 dollar 9 sent (3 manat 55 qəpik) təşkil edib.
Qeyd edək ki, qabıqlı qoz Azərbaycana bu ölkələrdən gətirilib:
Özbəkistan – 612 ton (1 kiloqramının orta gömrük dəyəri 3 manat 50 qəpik);
Rusiya – 154,94 ton (3 manat 40 qəpik);
Çin – 130,05 ton (4 manat 7 qəpik);
Qırğızıstan – 92 ton (3 manat 40 qəpik).


Məlumat üçün bildirək ki, paytaxt küçələrində, xüsusilə də metro stansiyalarının ətrafında mənşəyi məlum olamayan qozlar satılır. Satılan qozların böyük əksəriyyəti yaş vəziyyətdə olur.
Mütəxəssislər bildirirlər ki, küçə satıcılarının “təzə qoz” kimi təqdim etdikləri məhsullar əksər hallarda suda saxlanılan, çəkisi süni şəkildə artırılan qozlardır.
Satıcılar bu üsulla həm qozun parlaq görünüşünü bərpa edir, həm də nəm çəkdiyinə görə çəkisini artıraraq daha çox qazanc əldə edirlər. Ancaq bu “fənd” alıcıların sağlamlığı üçün ciddi təhlükə yaradır.
Qida təhlükəsizliyi üzrə mütəxəssislər xəbərdarlıq edirlər ki, qoz uzun müddət suda qaldıqda onun tərkibindəki yağ turşuları oksidləşir, qidalılıq dəyəri azalır və mikroorqanizmlər üçün əlverişli mühit yaranır. Nəticədə belə qozlarda kif, bakteriya və göbələk toksinləri əmələ gəlir. Bu maddələr insan orqanizminə daxil olduqda mədə-bağırsaq pozğunluqları, ürəkbulanma, ishal və qusma, qaraciyər və böyrək zədələnmələri, allergik reaksiyalar və dəri səpgiləri kimi fəsadlara səbəb ola bilər.
Bundan əlavə, suda saxlanılan qozların çoxu küçə şəraitində, açıq havada, çirkli su ilə hazırlanır. Belə şəraitdə məhsul bağırsaq çöpləri, “e. coli” və digər xəstəlik törədici bakteriyalarla çirklənə bilər.
Mütəxəssislər qozu etibarlı mənbələrdən almağı tövsiyə edirlər.

Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top