Azərbaycanda ən yüksək və ən aşağı maaş hansı sahələrdə verilir? – Siyahı


Azərbaycanda ən yüksək orta aylıq nominal əməkhaqqı mədənçıxarma sənayesində, ən aşağı əməkhaqqı isə kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində qeydə alınıb.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, mədənçıxarma sənayesində bu rəqəm 4 min 207,2 manat təşkil edib.
Mədənçıxarma sənayesindən sonra ən yüksək əməkhaqqı maliyyə və sığorta fəaliyyəti sahəsində qeydə alınıb. Bu sahədə orta aylıq nominal əməkhaqqı 3 min 102,1 manat olub. İnformasiya və rabitə sahəsində isə göstərici 2 min 130,2 manata bərabərdir.
Peşə, elmi və texniki fəaliyyət sahəsində orta aylıq nominal əməkhaqqı 1 917,4 manat, dövlət idarəetməsi və müdafiə, sosial təminat sahəsində 1 737,8 manat, nəqliyyat və anbar təsərrüfatında 1 587 manat təşkil edib.
Digər sahələrdə xidmətlərin göstərilməsi üzrə orta aylıq nominal əməkhaqqı 1 527,4 manat, daşınmaz əmlakla əlaqədar əməliyyatlar üzrə 1 297,8 manat, tikinti sahəsində 1 249 manat olub.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahəsində orta aylıq nominal əməkhaqqı 1 157,3 manat, emal sənayesində 1 063,7 manat təşkil edib.
Əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi sahəsində bu göstərici 962 manat, istirahət, əyləncə və incəsənət sahəsində 901,8 manat, təhsil sahəsində isə 834 manat olub.
İnzibati və yardımçı xidmətlərin göstərilməsi sahəsində orta aylıq nominal əməkhaqqı 819,8 manat, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahəsində 797,7 manat, su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsində 792,1 manat təşkil edib.
Ticarət və nəqliyyat vasitələrinin təmiri sahəsində orta aylıq nominal əməkhaqqı 763,4 manat, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində isə 749,9 manat olub.
Qeyd edək ki, təqdim olunan göstəricilərə əsasən, mədənçıxarma sənayesində orta aylıq nominal əməkhaqqı kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsindəki göstəricidən təxminən 5,6 dəfə çoxdur.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top