
Avropada işsizlik səviyyəsinə görə Finlandiya ilk sıraya yüksəlib. İspaniya isə uzun illərdən sonra bu göstərici üzrə birinci yeri itirib.
2026-cı ilin avqust ayına dair məlumatlara əsasən, Finlandiyada işsizlik səviyyəsi 10,3 faiz, İspaniyada isə 10 faiz təşkil edib.
Yeniavaz.com xəbər verir ki, Avropa ölkələrinin işsizlik göstəricilərini əks etdirən siyahı “Eurostat”, Böyük Britaniyanın Milli Statistika İdarəsi və Rusiyanın Dövlət Statistika Xidmətinin məlumatları əsasında hazırlanıb.
Böyük Britaniya və İsveçrə üzrə isə ən son mövcud olan 2026-cı ilin iyun ayının göstəricilərindən istifadə edilib.
Siyahıda İsveç 8,7 faizlə üçüncü, Fransa 8,2 faizlə dördüncü, Estoniya isə 8 faizlə beşinci yerdə qərarlaşıb.
Məlumata görə, Yunanıstanda işsizlik səviyyəsi son bir ildə 8,8 faizdən 7,4 faizə düşüb. Fransada isə əksinə, göstərici 7,8 faizdən 8,2 faizə yüksəlib.
Almaniyada işsizlik səviyyəsi 4 faiz təşkil etsə də, ölkənin avtomobil sənayesində məşğulluğun azalması diqqət çəkir. 2026-cı ilin iyun ayına qədər olan bir ildə Almaniyanın avtomobil sənayesində 42 min 300 iş yeri ixtisar edilib. Bu, sektorda məşğulluğun 2005-ci ildən bəri ən aşağı səviyyəyə düşməsi deməkdir.
İspaniyada isə turizm sektoru yeni iş yerlərinin yaradılmasına töhfə verir. 2026-cı ilin ikinci rübündə bu sektorda çalışanların sayı 3,18 milyon nəfərə çatıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,4 faiz çoxdur.
Avropada ən aşağı işsizlik səviyyəsi isə Rusiya üzrə qeydə alınıb. Ölkədə bu göstərici 2,2 faiz təşkil edib. Bununla belə, Rusiyada aşağı işsizlik səviyyəsi işçi qüvvəsi çatışmazlığı ilə müşayiət olunur.
2026-cı ilin avqust ayına aid göstəricilərə əsasən, Avropa ölkələrinin işsizlik səviyyəsi aşağıdakı kimi olub:
Finlandiya – 10,3%
İspaniya – 10,0%
İsveç – 8,7%
Fransa – 8,2%
Estoniya – 8,0%
Yunanıstan – 7,4%
Latviya – 7,3%
Lüksemburq – 7,3%
Avstriya – 6,7%
Rumıniya – 6,4%
İtaliya – 6,2%
Litva – 6,1%
Belçika – 5,9%
Danimarka – 5,9%
İslandiya – 5,8%
Portuqaliya – 5,7%
Slovakiya – 5,7%
İsveçrə – 5,1%
İrlandiya – 5,0%
Birləşmiş Krallıq – 4,9%
Macarıstan – 4,7%
Norveç – 4,5%
Xorvatiya – 4,3%
Kipr – 4,1%
Almaniya – 4,0%
Hollandiya – 4,0%
Bolqarıstan – 3,5%
Malta – 3,4%
Polşa – 3,4%
Sloveniya – 3,4%
Çexiya – 3,2%
Rusiya – 2,2%
Məlumat üçün bildirək ki, bu ilin sentyabr ayının 1-ə olan məlumata görə, Azərbaycanda 280,4 min nəfər işsiz şəxs olub. İşsizlərin sayı iqtisadi fəal əhalinin 5,2%-ni təşkil edib.
Onu da qeyd edək ki, bu ilin ilk 8 ayı ərzində ölkədə işsizlərin sayı təxminən 1,3 min nəfər artıb. Sentyabr ayının əvvəlinə olan məlumata görə, iqtisadi fəal əhalinin sayı 5 milyon 434,7 min nəfər olub, onların 5 milyon 154,3 min nəfərini məşğul (işləyən) əhali təşkil edib.
Azərbaycanda işsizlərin sayı son 20 ildə ən yüksək səviyyəyə 2021-ci ilin əvvəlində çatıb. Qeyd olunan tarixdə ölkədə 375,9 min işsiz olub. Ən aşağı işsizlik səviyyəsi isə 2014-cü ilin əvvəlində qeydə alınıb. 1 yanvar 2014-cü il tarixində ölkədə 236,6 min işsiz olub.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz