Pakistanda fövqəladə vəziyyət elan edilib


Pakistan hakimiyyəti hökumət əleyhinə etirazlar və yaraqlıların hücumları fonunda ölkənin şimal-qərbində yerləşən Xayber Paxtunxva əyalətində fövqəladə vəziyyət elan edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə AFP agentliyi Pakistan prezidentinin aparatına istinadən məlumat yayıb.
Bildirilib ki, qərar ölkə Konstitusiyasının təhlükəsizlik məsələlərini tənzimləyən iki maddəsi əsasında qəbul edilib. Həmin müddəalar federal hökumətə əyalətdə geniş inzibati səlahiyyətlər həyata keçirmək imkanı verir.
Hazırda Xayber Paxtunxvada həbsdə olan keçmiş baş nazir İmran Xanın tərəfdarlarının kütləvi etirazları davam edir. Minlərlə nümayişçi onun azadlığa buraxılmasını tələb edərək yürüşlər keçirir.
Fövqəladə vəziyyətin elan edilməsi ölkənin şimal-qərbində silahlı qrupların yaratdığı təhlükənin davam etdiyi və təhlükəsizlik vəziyyətinin pisləşdiyi bir vaxta təsadüf edir.
Qeyd edək ki, 2018–2022-ci illərdə Pakistanın baş naziri olmuş İmran Xan ölkənin siyasi həyatında əsas fiqurlardan biri olaraq qalır. Onun tərəfdarları keçmiş hökumət başçısına qarşı məhkəmə proseslərini ədalətsiz hesab edir və onun azadlığa buraxılmasını tələb edirlər.
Pakistan prezidentinin aparatının açıqlamasında fövqəladə vəziyyətin nə qədər davam edəcəyi, eləcə də federal hakimiyyət orqanlarının yeni səlahiyyətlər çərçivəsində hansı konkret tədbirləri həyata keçirəcəyi barədə məlumat verilməyib.

DİGƏR XƏBƏRLƏR

Top