Cibuti sahillərində qayıq aşıb – 109 miqrant ölüb, 116 nəfər itkin düşüb


Cibuti sahillərində miqrantları daşıyan qayığın aşması nəticəsində azı 109 nəfər ölüb, 116 nəfər isə itkin düşüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) məlumat yayıb.
Məlumata görə, Cibutidən Yəmənə doğru hərəkət edən qayıq cümə axşamı axşam saatlarında Obok şəhərinin şimalında, Quhere kəndi yaxınlığında aşıb.
Hadisə nəticəsində ölənlər arasında 52 kişi, 42 qadın və 15 uşaq var. 80-dən çox insan isə sağ qalmağı bacarıb. Sağ qalanların hamısının Efiopiya vətəndaşları olduğu bildirilir.
BMT-nin Cibutidəki missiyasının rəhbəri Aleksandr Kuassak hadisəni faciəvi insan itkisi kimi qiymətləndirib. O bildirib ki, təşkilatın əməkdaşları yerli hakimiyyət orqanları ilə birlikdə zərərçəkənlərə təcili yardım göstərirlər.
Qeyd edək ki, Cibutidən Yəmənə uzanan dəniz marşrutu Afrika Buynuzundan Ərəbistan yarımadasına keçmək istəyən miqrantlar tərəfindən geniş istifadə olunur. Lakin insanların həddindən artıq yüklənmiş və təhlükəsizlik tələblərinə cavab verməyən qayıqlarla dənizi keçməyə çalışması tez-tez faciələrlə nəticələnir.

DİGƏR XƏBƏRLƏR

Top