Aİ Rusiya vətəndaşları üçün viza qaydalarını sərtləşdirməyə hazırlaşır


Avropa Komissiyası Rusiya vətəndaşlarının Avropa İttifaqına (Aİ) səfərləri ilə bağlı viza qaydalarını sərtləşdirməyi planlaşdırır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Politico” nəşri Avropa İttifaqının rəsmilərinə istinadən məlumat yayıb.
Bildirilir ki, müvafiq təkliflərin 2027-ci ilin yanvarında təqdim edilməsi gözlənilir.
Polşa, İsveç və Estoniya da daxil olmaqla, bir sıra Aİ ölkələri Rusiya vətəndaşları üçün daha sərt viza rejiminin tətbiqini müdafiə edir. Bu ölkələr arasında Ukraynadakı döyüşlərdə iştirak etmiş keçmiş rusiyalı hərbçilərin də Aİ-yə girişinin məhdudlaşdırılması təklif olunur.
Nəşrin məlumatına görə, ötən il Rusiya vətəndaşlarına Şengen zonasına səfər üçün təxminən 478 min turist vizası verilib. Bu vizaların böyük hissəsi sahiblərinə hər səfərdən əvvəl yeni sənəd almağa ehtiyac olmadan dəfələrlə sərhədi keçmək imkanı yaradıb.
İsveçin ədliyyə naziri Qunnar Strömmer mövcud sistemin Avropanın təhlükəsizliyi baxımından müəyyən risklər yaratdığını bildirib. Onun sözlərinə görə, Avropa Komissiyası viza qaydalarının sərtləşdirilməsi ilə bağlı təklif hazırlayır. İsveç isə müvafiq tədbirlərin daha tez qəbul edilməsini istəyir.
Strömmer Avropa ölkələri arasında bu istiqamətdə dəstəyin artdığını qeyd edib. Məsələnin Aİ Xarici İşlər Şurasının iclasında müzakirəsi də gözlənilir. Bununla yanaşı, bəzi ölkələr Aİ-də fəaliyyət göstərən rusiyalı diplomatlara qarşı əlavə məhdudiyyətlərin tətbiqini təklif etməyə hazırlaşır.
Estoniya isə Rusiya silahlı qüvvələrinin keçmiş üzvlərinin Aİ-yə girişinin qadağan edilməsini dəstəkləyir. Estoniyanın xarici işlər naziri Marqus Tsahkna belə bir məhdudiyyətin təxminən 650 min nəfərə şamil oluna biləcəyini bildirib.
Tsahknanın fikrincə, Rusiya kəşfiyyat xidmətlərinin dəstəyi ilə fəaliyyət göstərən keçmiş hərbçilər Avropanın təhlükəsizliyi üçün təhdid yarada bilərlər. O, həmin şəxslərdən bəzilərinin mütəşəkkil cinayətkarlıqda və ya terror hücumlarında iştirak edə biləcəyindən narahatlığını ifadə edib.
Aİ-nin daxili işlər və miqrasiya üzrə komissarı Maqnus Brunner də üzv ölkələri Rusiya vətəndaşlarına daha az viza verməyə çağırıb. O bildirib ki, səyahət icazələrinin sayında ilkin azalmadan sonra bu tendensiya dayanıb.
İyun ayında doqquz Aİ ölkəsinin, eləcə də İslandiya və Norveçin nazirləri Avropa Komissiyasına müraciət edərək Rusiya vətəndaşlarına viza verilməsi ilə bağlı vahid yanaşmanın hazırlanmasını istəyiblər. Onlar milli qaydalar arasındakı fərqlərin məhdudlaşdırıcı tədbirlərin effektivliyini azalda biləcəyinə diqqət çəkiblər.

DİGƏR XƏBƏRLƏR

Top