
Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi fərdi sahibkar Kəmalə Rasim qızı Rasimli (VÖEN – 1001630942) olub.
Yeniavaz.com xəbər verir ki, Antidopinq Agentliyi 50 000 sözün ingilis dilindən Azərbaycan dilinə yazılı tərcüməsi üçün Kəmalə Rasimliyə 1 500 manat ödəyəcək.
Məlumat üçün bildirək ki, Antidopinq Agentliyinin tenderində qalib olan Kəmalə Rasimli hazırda Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Zoologiya İnstitutunun baş meneceridir. Kəmalə Rasimlinin daha əvvəl rəhbərlik etdiyi, hazırda isə Həbibova Aytəkin Rasim qızının qanuni təmsilçi olduğu “Service and Supply Ltd” MMC (VÖEN – 1005654841) Baş Prokurorluq ilə tərcümə xidmətlərilə bağlı 83 min 544 manatlıq müqavilə imzalayıb.
Qeyd edək ki, Kəmalə Rasimlinin “Service and Supply Ltd” MMC-nin direktoru olan zaman AMEA Zoologiya İnstitutunun ümumi işlər üzrə direktor müavini vəzifəsində çalışıb. Kəmalə Rasimlinin rəhbərlik etdiyi MMC Ramiz Mehdiyev AMEA-nın prezidenti olduğu həmin dövrdə 130 min manatlıq tenderin qalibi olub. MMC tərcümə xidmətləri sahəsində ixtisaslaşmasına baxmayaraq AMEA-ya müxtəlif sərfiyyat malları (kağız, qələm və s.) satıb.
Kəmalə Rasimlinin rəhbərlik etdiyi daha bir şirkət “Aysberq KMT” MMC (VÖEN – 1003279381) adlanır. Bu şirkət də müxtəlif dövlət qurumlarının keçirdiyi çoxsaylı tenderlərdə qalib olub.
“Aysberq KMT” MMC 24 fevral 2014-cü ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 5 manat olan bu şirkətin hüquqi ünvanı “Binəqədi rayonu, Süleyman Sani Axundov, ev 2A, m. 25”də yerləşir.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz