
Fransa Prezidenti Emmanuel Makronun ictimai dəstək səviyyəsi rekord həddə enərək 15 faizə düşüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Ipsos BVA” və CESI mühəndislik məktəbinin “La Tribune Dimanche” qəzeti üçün keçirdiyi sorğunun nəticələrində bildirilib.
Oktyabrın 10-da dərc olunan sorğunun nəticələrinə görə, Makronun fəaliyyətini müsbət qiymətləndirən fransızların payı son bir ayda daha bir faiz bəndi azalıb. Sentyabrda dövlət başçısının reytinqi 16 faizə enərək tarixi minimuma çatmışdı. Respondentlərin 82 faizi isə prezidentin fəaliyyətini mənfi qiymətləndirib.
“Ipsos BVA”nın baş direktor müavini Brays Tenturyenin sözlərinə görə, sağçı siyasi qüvvələrin tərəfdarları arasında Makronu dəstəkləyənlərin payı cəmi 11 faizdir. Hətta mərkəzçi siyasi blokun tərəfdarları arasında da prezidentin fəaliyyətini mənfi qiymətləndirənlərin göstəricisi 47 faizə çatıb.
Makronun populyarlığının azalması Fransada sosial-iqtisadi narazılığın artdığı bir dövrə təsadüf edir. Məktəb etirazları, yüksək yanacaq qiymətləri, dövlət borclanması üzrə xərclərin artması və quraqlıq səbəbindən kənd təsərrüfatında yaranan itkilər ölkədə narazılığı gücləndirən əsas amillər sırasındadır.
Sorğunun nəticələrinə əsasən, fransızların əsas narahatlığı alıcılıq qabiliyyətinin azalmasıdır. Respondentlərin 54 faizi bunu ölkənin prioritet problemlərindən biri hesab edib. Sosial təminat sisteminin gələcəyi 44 faizlə ikinci, dövlət borcu və büdcə kəsirləri isə 33 faizlə üçüncü yerdə qərarlaşıb.
Əhalinin iqtisadi vəziyyətlə bağlı narahatlığı şəxsi maliyyə rifahında da özünü göstərir. Sorğu iştirakçılarının 70 faizi öz iqtisadi vəziyyətlərindən narahat olduqlarını bildiriblər.
Fransada növbəti prezident seçkilərinin 2027-ci ildə keçirilməsi planlaşdırılır. 2017-ci ildən ölkəyə rəhbərlik edən Emmanuel Makron qüvvədə olan konstitusiya məhdudiyyətlərinə əsasən ardıcıl üçüncü müddətə prezidentliyə namizədliyini irəli sürə bilməyəcək.
Tətbiqimizi yükləyə bilərsiniz