
ABŞ 90 il sonra bir şəxsin edamını canlı yayımlayacaq.
Yeniavaz.com “Reuters” agentliyinə istinadla xəbər verir ki, bu barədə Pentaqondan məlumat verilib.
Məlumata görə, ölüm cəzasına məhkum edilən şəxs 2009-cu ildə Fort Hud hərbi bazasında 13 nəfəri öldürən keçmiş ordu psixiatrı Nidal Malik Həsəndir.
O, 1945-ci ildən bəri ABŞ hərbi güllələnmə dəstəsi tərəfindən edam edilən ilk şəxs olacaq.
Edamın 3 dekabrda Həsənin tibb müəssisəsində atəş açaraq insanların ölümünə səbəb olduğu Texas bazasında keçirilməsi planlaşdırılır.
“Canlı yayımlanacaq. Təfərrüatlar dəqiqləşdiriləcək”, - deyə adının açıqlanmasını istəməyən Pentaqon rəsmisi “Reuters” agentliyinə bildirib.
“X” platformasında edamın yayımlanması planını ABŞ müdafiə naziri Pit Heqset də təsdiq edib və o, Həsənin güllələnmə dəstəsi tərəfindən edam edilməsini tələb edib.
Media keçmişdə ABŞ-də həyata keçirilən ölüm hökmlərini yayımlamağa çalışsa da, məhkəmələr buna icazə verməyib. Analitiklər deyirlər ki, heç bir ölkə televiziyada qanuni edam hökmünü yayımlamayıb.
“Reuters” agentliyinin məlumatına görə, ictimai edamlar hazırda dünyada nadir hallarda baş verir. Son illərdə bu, İranda və Əfqanıstanda baş verib.
ABŞ-də məhkəməsiz edamların ictimai səhnələri iyirminci əsrin əvvəllərinə qədər mövcud olub. Edamlar adətən ağdərili izdiham tərəfindən qaradərili amerikalılara qarşı həyata keçirilib.
Ölüm cəzası fenomenini araşdıran analitiklərin fikrincə, ABŞ-də sonuncu ictimai edam 1936-cı ildə həyata keçirilib.
1936-cı ildə minlərlə insan gənc qaradərilinin asılmasını tamaşa edib.
Heqset bildirib ki, insanların bunu görə bilməsini, ictimaiyyətə açıq olmasını təmin edirik. Çünki insanlar başa düşməlidirlər ki... bu kimi şeylərin ciddi nəticələri var.
Qeyd edək ki, Həsən 2013-cü ilin avqust ayında hərbi tribunal tərəfindən edam cəzasına məhkum edilib - o, qəsdən adam öldürməkdə təqsirli bilinib.
Həsən hazırda 56 yaşındadır. O, cinayəti Əfqanıstana köçürülməzdən bir neçə həftə əvvəl törədib. Həbs olunarkən polis tərəfindən güllələnib, nəticədə qismən iflic olub və əlil arabasından istifadə edir.
ABŞ hərbi qanunvericiliyinə görə, prezident edam hökmünün edam dəstəsi tərəfindən icrasına razılıq verməlidir. Pentaqon bazar ertəsi günü elan edib ki, Prezident Donald Tramp Heqsetin məsləhətinə əsasən artıq razılıq verib.
“Reuters” agentliyinin məlumatına görə, Ağ Ev Trampın edamların canlı yayımını dəstəkləyib-dəstəkləməməsi ilə bağlı suala cavab verməkdən imtina edib və sualları Pentaqona yönləndirib.
Tətbiqimizi yükləyə bilərsiniz