Dünyanın ən yaxşı və ən pis idarə olunan şəhərlərinin reytinqi açıqlanıb – Siyahı


Xəbər verdiyimiz kimi, “Oxford Economics” şirkəti 2026-cı il Qlobal Şəhərlər İndeksini açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, araşdırmada dünyanın 1 000 şəhəri müxtəlif göstəricilər üzrə qiymətləndirilib.
Azərbaycanın paytaxtı Bakı şəhəri ümumi reytinqdə 51,7 balla 323-cü sırada yer alıb.
Qeyd edək ki, Qlobal Şəhərlər İndeksində yer alan göstəricilərdən biri də idarəetmə ilə bağlıdır. Bu kateqoriya şəhərlərin sakinləri və biznes subyektləri üçün planlaşdırma, investisiya qoyuluşu və nəticə əldə etmək imkanlarını dəstəkləyən idarəetmə mühitini əhatə edir. Qiymətləndirmə zamanı siyasi və institusional sabitlik, tənzimləyici keyfiyyət, qanunun aliliyi, biznes fəaliyyətinin asanlığı, hökumətin effektivliyi və vətəndaş institutlarının gücü kimi göstəricilər nəzərə alınır. Bu göstəricilər, eyni zamanda, şəhərdə fəaliyyət göstərən institutların gücünü, qaydaların keyfiyyətini və əməliyyat mühitinin sabitliyini əks etdirir.
Danimarkanın Kopenhagen və Orhus şəhərləri idarəetmə üzrə mümkün 100 baldan 100 bal toplayaraq müvafiq olaraq birinci və ikinci yerlərdə qərarlaşıblar. Üçüncü yerdə Yeni Zelandiyanın Oklend şəhəri 99,1 balla qərarlaşıb. Yeni Zelandiyanın daha iki şəhəri – Vellinqton və Kraystçörç də 99,1 balla müvafiq olaraq dördüncü və beşinci yerləri tutublar.
İlk onluqda, həmçinin Finlandiyanın Helsinki və Tampere, Norveçin Oslo və Bergen, eləcə də İsveçin Stokholm şəhərləri yer alıb.
Ümumilikdə, reytinqin ilk pillələrində Avropa və Avstraliya şəhərləri üstünlük təşkil edir.
Dünyada idarəetmənin ən zəif təşkil olunduğu şəhərlərin sıralamasına 0 balla Əfqanıstanın paytaxtı Kabul başçılıq edir. Bundan başqa, Sudanın Xartum, Liviyanın Tripoli və Mərkəzi Afrika Respublikasının Banqi şəhərləri də ən pis idarə olunan şəhərlər sırasında yer alıb.
Keçmiş SSRİ və qonşu ölkələrdən olan şəhərlərin 1000 şəhərin yer aldığı hesabatda idarəetmə üzrə topladığı ballar aşağıdakı kimi olub:
Tallin (Estoniya) – 90,4 bal;
Vilnüs (Litva) – 86,8 bal;
Riqa (Latviya) – 80,7 bal;
Tbilisi (Gürcüstan) – 61,5 bal;
Kişinyov (Moldova) – 54,7 bal;
İrəvan (Ermənistan) – 54,2 bal;
İstanbul (Türkiyə) – 50,4 bal;
Almatı (Qazaxıstan) – 49,8 bal;
Bakı (Azərbaycan) – 48 bal;
Daşkənd (Özbəkistan) – 40,2 bal;
Bişkek (Qırğızıstan) – 37,4 bal;
Minsk (Belarus) – 34,1 bal;
Düşənbə (Tacikistan) – 31,7 bal;
Kiyev (Ukrayna) – 28,3 bal;
Aşqabad (Türkmənistan) – 22,6 bal;
Tehran (İran) – 10 bal;
Moskva (Rusiya) – 8,8 bal.


Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top