Rusiyada pensiya yaşı artırılacaq

Rusiya hökuməti pensiya yaşını artırmaq barədə qərar qəbul edib. “Yeniavaz.com”un məlumatına görə, bu barədə “İzvestiya” qəzeti hökumətə yaxın mənbələrə istinadən xəbər verir. Qeyd edilir ki, artımın parametrlərinin müzakirəsi aparılır: “Müzakirə texniki müstəviyə keçib, yəni pensiya yaşını nə qədər artırmaq və bunu hansı kateqoriyalı vətəndaşlara şamil etmək müəyyənləşdirilir”. Mənbə əlavə edib ki, pensiya yaşının artırılması barədə məsələ konseptual olaraq həll edilib: “Bu barədə qərar seçkilərdən sonra yeni hökumətin formalaşmasının ardından 2018-ci ildə elan ediləcək”. Pensiya yaşının artırılması barədə bir neçə variant təklif edilir. Onlardan biri mərhələli – ildə 6 ay müddətinə - qadınlar üçün 63-dək və kişilər üçün 65 yaşınadək artırılmasını nəzərdə tutur. Digər variant kişi və qadınların təqaüdə çıxma yaşının bərabərləşdirilməsi və onun 63 yaşadək artırılmasıdır. Qeyd edək ki, Rusiyada hazırda qadınlar üçün pensiya yaşı 55, kişilər üçün isə 60 yaşdır.

DİGƏR XƏBƏRLƏR

Top