
Milli Məclis oktyabrın 8-də Avropa Parlamentinin Azərbaycanda insan hüquqları və azadlıqları məsələsinə dair obyektivlikdən uzaq qətnamə qəbul etməsini ölkəmizə qarşı qərəzli siyasi aksiya kimi qiymətləndirir, yalan və saxta məlumatlar üzərində qurulmuş əsassız ittihamları qətiyyətlə rədd edir.
Yeniavaz.com xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Qeyd edilib ki, Avropa Parlamentinin Azərbaycana qarşı həyata keçirdiyi məqsədyönlü siyasi xətt İkinci Qarabağ müharibəsindən sonra daha böyük dərəcədə qarşıdurma xarakteri alıb: "Son illərdə bu təşkilatın qəbul etdiyi çoxsaylı qətnamələr, ölkəmizə siyasi təzyiq göstərmək cəhdləri və sanksiyalar tətbiq edilməsi barədə çağırışları Azərbaycanın tarixi qələbəsindən sonra Cənubi Qafqazda yaranmış yeni geosiyasi reallıqların Avropa Parlamenti tərəfindən tanınmaması kimi qiymətləndirilməlidir.
Digər tərəfdən, Avropa Parlamentinin suveren ölkənin dövlət orqanlarının səlahiyyət dairəsini müəyyən etməyə, onun hüquq-mühafizə və məhkəmə qurumlarına göstərişlər verməyə, ikitərəfli münasibətlərin siyasi şərtlərini müəyyənləşdirməyə haqqı çatan fövqəlmilli hakim kimi çıxış etmək cəhdlərindən əl çəkməməsi təəccüb doğurur. Bu cür davranış tərzi Avropa Parlamentinin yanaşmalarında obyektivliyi ciddi şübhə altına alır və onun Azərbaycanla münasibətləri hüquq bərabərliyi, qarşılıqlı hörmət və daxili işlərə qarışmama prinsipləri əsasında qurmağa hazır olmadığını göstərir.
Bütün bunlar təşkilatda azərbaycanofob, türkofob və islamofob əhval-ruhiyyənin hökm sürdüyünü nümayiş etdirir. Avropa Parlamentində təmsil olunan bir sıra deputatların Avropa seçicilərinin deyil, lobbi qruplarının maraqlarını təmsil etməsi onların irqçi və şovinist mövqeyindən xəbər verir. Qətnamənin müəllifləri çirkin siyasi məqsədlərinə nail olmaq üçün hətta Avropa İttifaqının Cənubi Qafqaz siyasətini təhlükə altına atmağa belə razıdırlar.
Avropa Parlamentinin özündə mövcud olan vəziyyət də ciddi suallar doğurur. Son illərdə baş verən hay-küylü korrupsiya təhqiqatları, o cümlədən deputatların pulla ələ alınması, siyasi qərarların qəbuluna qanunsuz təsir göstərilməsi bu təşkilat qarşısında onun siyasi nüfuzuna toxunan və qəbul edilmiş parlament prosedurlarına etimadı sarsıdan məsələlər qoyub.
Bununla əlaqədar belə bir qanunauyğun sual yaranır: Qərarların qəbulunda şəffaflıq, dürüstlük və müstəqillik ilə bağlı ciddi çağırışlara cavab verməli olan bir qurumun siyasi və mənəvi ittihamları və öyüdləri nə dərəcədə inandırıcı ola bilər? Başqa dövlətlər qarşısında qəti tələblər irəli sürməzdən əvvəl Avropa Parlamenti öz standartlarının tətbiqində ardıcıl olduğunu göstərməli, korrupsiyaya və qeyri-qanuni lobbi təsirinə qarşı etibarlı təminatlar yaratmalıdır.
Avropa Parlamentinin insan hüquqları ilə bağlı problemlərə ayrı-seçkilik münasibəti də ciddi suallar doğurur. Azərbaycan barəsində qətnamələr qəbul edilib birmənalı tələblərin irəli sürüldüyü və sanksiyaların tətbiqinə çağırışlar edildiyi bir zamanda Avropa ölkələrinin özündə hüquq-mühafizə orqanları tərəfindən hədsiz güc işlədilməsi, dinc toplaşmaq azadlığının məhdudlaşdırılması, törədilmiş hüquq pozuntularına görə məsuliyyətin təmin edilməsi ilə bağlı çoxsaylı problemlər qalmaqdadır.
Bu problemlərin miqyasını beynəlxalq hüquq müdafiə təşkilatlarının məruzələri də təsdiq edir. Xüsusən, bir sıra Avropa ölkələrində nümayişlərin keçirilməsi zamanı polis tərəfindən hədsiz güc işlədilməsi halları sənədlərlə təsbit edilib”.
Milli Məclis hesab edir ki, Avropa Parlamenti Avropa İttifaqının üzvü olan ölkələrdə əsas hüquq və azadlıqların qorunması problemlərinə, o cümlədən polis zorakılığı, dinc toplaşmaq azadlığına riayət edilməsi, vəzifəli şəxslərin qanunsuz hərəkətlərinə görə məsuliyyəti məsələlərinə daha böyük diqqət yetirməlidir: “Hüquq müdafiə standartlarının universallığı hər şeydən əvvəl siyasi seçimə və ikili yanaşmalara yol vermədən onların ardıcıl və qərəzsiz tətbiqini nəzərdə tutur. Narahatlıq doğuran bir məqam da budur ki, Avropa Parlamentinin sözügedən qətnaməsi Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparıldığı bir dövrdə, siyasi məsuliyyətin və konstruktiv dialoqa dəstəyin xüsusilə vacib olduğu bir şəraitdə qəbul edilib. Aydın məsələdir ki, bu cür birtərəfli təşəbbüslər və yanlış rəylər qarşılıqlı etimad mühiti qurulmasını çətinləşdirir və dövlətlərarası münasibətlərin normallaşdırılması üçün əlavə maneələr yaradır.
Azərbaycan ilə Ermənistan çoxillik münaqişəni aradan qaldırmaq üçün səylər göstərdikləri halda, Avropa Parlamentində ayrı-ayrı siyasi qüvvələri təmsil edən pozucu ünsürlərin yenidən siyasi və hərbi gərginlik ocağı yaratmağa çalışması narahatlıq doğurur. Regional sabitlik və dayanıqlı sülh yaradılması prosesinə real dəstək, ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət bəslənilməsini, birbaşa dialoqun dəstəklənməsini və qarşılıqlı etimadsızlığı gücləndirə biləcək hərəkətlərdən imtina olunmasını tələb edir”.
Bildirilib ki, Avropa Parlamentinin Milli Məclislə əməkdaşlığı bərpa etmək çağırışı ilə kəskin parlamentlərarası ixtilaflar doğuran sənədlərin qəbulu praktikası arasında ziddiyyət də ayrıca qeyd edilməlidir: “Etimadın bərpası deklarativ çağırışları deyil, yanaşmaların real surətdə dəyişdirilməsini, qarşıdurma ritorikasından əl çəkilməsini və parlamentlər arasında qarşılıqlı əlaqənin bərabərhüquqlu xarakterinin qəbul olunmasını tələb edir”.
Qətnamədə yer alan əsassız iddialara gəlincə, Milli Məclis nəzərə çatdırıb ki, Azərbaycan insan hüquqlarının və əsas azadlıqların qorunması, qanunun aliliyinin təmin edilməsi, hüquqi dövlət prinsiplərinin ardıcıl həyata keçirilməsi mövqeyinə həmişə sadiqdir: “Ölkəmizdə demokratik institutların qurulması və sərbəst fəaliyyət göstərməsi, vətəndaş cəmiyyətinin əsas tərkib hissələrinin yaradılması və digər amillər Azərbaycan dövlətinin demokratik inkişaf yolu ilə irəliyə getmək əzmini və iradəsini nümayiş etdirir.
Bu da təəssüf doğurur ki, insan hüquqlarının və azadlıqlarının qorunması ilə bağlı Azərbaycana qarşı əsassız ittihamlar irəli sürən Avropa Parlamenti Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı dövründə etnik təmizləməyə, soyqırımı aktlarına məruz qalaraq doğma yurdlarından qovulmuş, bütün hüquq və azadlıqlarından məhrum edilmiş 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün hüquqları barədə həmişə susmağa üstünlük verib.
Məsələnin başqa bir tərəfi də budur ki, konkret cinayət əməlləri törətdiklərinə görə məhkəmə qərarları ilə məhkum edilmiş şəxslərin “siyasi məhbus” adlandırılmasının və ya bu cür əməlləri törətdiklərinə əsaslı şübhələr olduğuna görə cinayət qanunvericiliyinin müvafiq maddələri ilə barələrində ittiham irəli sürülmüş şəxsləri qeyd-şərtsiz azadlığa buraxmağın tələb edilməsinin hansı məntiqdən irəli gəldiyi aydın deyildir. İnsanların cəmiyyətdə mövqeyinin onlara məhkəmə təqibindən immunitet hüququ verdiyini iddia etməyə heç bir şəxsin və ya təşkilatın ixtiyarı yoxdur.
Avropa Parlamenti təkcə qəbul etdiyi qərarların siyasi nəticələrini deyil, həm də Avropa ölkələrinin ona etimad göstərmiş milyonlarca vətəndaşı qarşısında məsuliyyətini də düşünməlidir. Avropa dövlətlərinin vətəndaşları seçdikləri nümayəndələrindən qərəzli siyasi mülahizələrlə bağlı təşəbbüslər deyil, obyektivlik, prinsipiallıq və demokratik dəyərlərə sadiqlik gözləməkdə haqlıdırlar.
Azərbaycan Respublikasının Milli Məclisi Avropa Parlamentini ölkəmizlə qarşıdurma ritorikasından əl çəkməyə, dövlətimizin daxili işlərinə qarışmamağa çağırır. Eyni zamanda, Azərbaycan parlamenti bəyan edir ki, heç bir qüvvə Azərbaycanı demokratik inkişaf yolundan döndərə bilməz".
Tətbiqimizi yükləyə bilərsiniz