"Avtovağzaldan rayonlara təxirə salınan reys yoxdur" - AÇIQLAMA

Ölkə ərazisində qar yağması hələ də davam edir. Hava şəraiti ilə əlaqədər olaraq, Bakıdan rayonlara sərnişin daşıyan nəqliyyat vasitələrinin gediş-gəlişində, çatma vaxtında problem varmı? Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Şəfa Mehmanqızı bununla bağlı "Yeniavaz.com"a açıqlama verib: "Hazırda təxirə salınan reysimiz yoxdur, bütün istiqamətlər üzrə avtobuslar yola çıxıb. Sadəcə, bütün istiqamətlərdə gediş-gəliş və çatma vaxtında gecikmələr var. Bu da hava şəraiti ilə əlaqədardır. Sürücülər təlimatlandırılıb ki, sürət həddini aşmasınlar, maksimum təhlükəsizlik qaydalarına riayət etsinlər. Ona görə də avtobuslar yavaş hərəkət edir. Avtobusların çatma vaxtında ola bilsin gecikmələr olsun, bu da yəqin ki, anlayışla qəbul olunar. Sərnişin sıxlığı yoxdur".

Ş. Mehmanqızı həmçinin bildirib ki, əsasən, qarlı hava ilə əlaqdar olaraq sərnişinlərin azlığı müşaiyət olunur: "Bu da yəqin ki, hava şəraitinin soyuq olmasından asılıdır. Qış vaxtına keçəndən, Ağsu dolayları ilə hərəkət edən, o istiqamətdə gedən bütün avtomobillər Bakı-Qazax yolu istiqamətinə yönləndirilib. Yəni Kürdəmir rayonu ilə keçməklə hərəkət edirlər. Belə havalarda Ağsu dolayları ümümiyyətlə keçilməz olur. Ona görə də alternativ yollardan istifadə edirlər".

Ruzbeh Məmməd

DİGƏR XƏBƏRLƏR

Top