Azərbaycan qlobal təsir gücünə görə 133 ölkə arasında 94-cü yerdədir – Siyahı


Mərkəzi Sinqapurda yerləşən “Chandler Governance Group” tərəfindən hazırlanan “Chandler Yaxşı İdarəetmə İndeksi” (Chandler Good Government Index – CGGI) adlı hesabata görə Azərbaycan “Qlobal Təsir və Nüfuz” (“Global Influence and Reputation”) göstəricisi üzrə 133 ölkə arasında 94-cü sırada yer alıb.
Yeniavaz.com
xəbər verir ki, bu göstərici üzrə ən yaxşı nəticəni Almaniya, Fransa, Niderland, İtaliya və Birləşmiş Krallıq əldə edib.
Ən pis nəticə isə Çad, Kamerun, Zimbabve, Liberiya və Maliyə məxsus olub.
Keçmiş SSRİ və qonşu ölkələrin 133 ölkə arasındakı mövqeyi aşağıdakı kimi olub:
31 – Estoniya
37 – Türkiyə
38 – Litva
40 – Latviya
48 – Gürcüstan
53 – Ukrayna
54 – Rusiya
64 – Ermənistan
87 – Moldova
90 – Qazaxıstan
94 – Azərbaycan
96 – İran
99 – Özbəkistan
100 – Qırğızıstan
124 – Tacikistan


“Chandler Yaxşı İdarəetmə İndeksi” hesabatında yer alan “Qlobal Təsir və Nüfuz” (Global Influence and Reputation) göstəricisi, hökumətin beynəlxalq müstəvidəki mövqeyini, diplomatik gücünü və ölkənin qlobal nüfuzunu necə idarə etdiyini qiymətləndirir. Bu göstərici dövlətin ticarət, kapital, informasiya və beynəlxalq tərəfdaşlıqlar əldə etmək üçün öz xarici əlaqələrindən nə dərəcədə effektiv istifadə edə bildiyini müəyyənləşdirməyə yönəlib.
“Qlobal Təsir və Nüfuz” göstəricisi 4 əsas indikator əsasında hesablanır:
Bunlardan birincisi beynəlxalq ticarətdir (“International Trade”). Bu meyar hökumətin qlobal iqtisadiyyata inteqrasiyasını, xarici ticarət əlaqələrinin genişliyini və ixrac-idxal proseslərini asanlaşdıran ticarət siyasətinin effektivliyini ölçür.
İkinci göstərici beynəlxalq diplomatiyadır (“Diplomacy”). Burada dövlətin xarici siyasəti, diplomatik şəbəkələrinin gücü, beynəlxalq təşkilatlarla əməkdaşlığı və qlobal arenada strateji tərəfdaşlıqlar qurma bacarığı qiymətləndirilir.
Üçüncü göstərici milli brenddir (“Nation Brand”). Bu meyar ölkənin beynəlxalq miqyasda cəlbediciliyini, xarici investorlar, turistlər və tərəfdaşlar gözündəki ümumi imicini və reputasiyasını göstərir.
Dördüncü göstərici isə pasportun gücüdür (“Passport Strength”). Burada ölkə vətəndaşlarının qlobal mobilliyi, yəni pasportun dünya ölkələrinə vizasız səyahət etmək imkanları və digər dövlətlərlə olan vizasız rejim müqavilələrinin səviyyəsi nəzərə alınır.
İndeksin məlumatları müxtəlif beynəlxalq mənbələrdən toplanır. Hesablamalarda Dünya Bankı, Dünya İqtisadi Forumu və BMT-nin məlumatları da daxil olmaqla, 60-dan çox qlobal və açıq məlumat mənbəyindən istifadə edilir.
Məlumatlar əvvəlcə vahid ölçüyə gətirilir və 0-dan 1-ə qədər şkalada qiymətləndirilir. Daha sonra 4 indikatorun hər birinə eyni çəki verilir və onların orta göstəricisi hesablanaraq ölkənin “Qlobal Təsir və Nüfuz” üzrə yekun balı müəyyən edilir.

Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top