
Ermənistanın Baş naziri Nikol Paşinyanın qərarı ilə Rusiyanın İrkutsk vilayətindən ölkəyə vəba xəstəliyinin idxalının və yayılmasının qarşısını almaq məqsədilə xüsusi komissiya yaradılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Qərara əsasən, komissiya müxtəlif dövlət qurumlarının fəaliyyətini əlaqələndirəcək. Komissiyanın əsas vəzifələri arasında İrkutsk vilayətindən vəbanın Ermənistana keçmə riskinin qiymətləndirilməsi, profilaktik tədbirlərin müəyyənləşdirilməsi və ölkənin hazırlıq vəziyyətinin müzakirəsi yer alır.
Qeyd edək ki, vəba ilə bağlı məlumatlar oktyabr ayının 2-də Rusiyanın İrkutsk vilayətində 28 yaşlı laboratoriya əməkdaşının vəfat etməsindən sonra gündəmə gəlib. Qadın İrkutsk Vəba Əleyhinə Elmi-Tədqiqat İnstitutunda çalışıb və ölüm səbəbi rəsmi olaraq mənşəyi müəyyən edilməyən pnevmoniya kimi göstərilib. Hadisədən sonra təxminən 200 nəfər tibbi müşahidəyə götürülüb və bəzi tibb müəssisələrində karantin tədbirləri tətbiq edilib. Ümumdünya Səhiyyə Təşkilatı isə Rusiyadan əlavə məlumat istəyib, lakin vəba xəstəliyi hələlik rəsmi olaraq təsdiqlənməyib.
Tətbiqimizi yükləyə bilərsiniz