Hansı ölkədə dövlət qurumları daha yaxşı işləyir? – Siyahı


Mərkəzi Sinqapurda yerləşən “Chandler Governance Group” tərəfindən hazırlanan “Chandler Yaxşı İdarəetmə İndeksi” (Chandler Good Government Index – CGGI) adlı hesabata görə, Azərbaycan “Güclü Qurumlar” (“Strong Institutions”) göstəricisi üzrə 133 ölkə arasında 94-cü sırada yer alıb.
Yeniavaz.com
xəbər verir ki, bu göstərici üzrə ən yaxşı nəticəni Sinqapur, Finlandiya, Danimarka, Norveç və Avstraliya əldə edib.
Ən pis nəticə isə Konqo, Çad, Venesuela, Mali və Sierra Leoneyə məxsus olub.
Keçmiş SSRİ və qonşu ölkələrin 133 ölkə arasındakı mövqeyi aşağıdakı kimi olub:
10 – Estoniya;
17 – Litva;
22 – Latviya;
33 – Gürcüstan;
46 – Qazaxıstan;
52 – Ukrayna ;
61 – Türkiyə;
66 – Moldova;
77 – Ermənistan;
80 – Rusiya ;
90 – Özbəkistan;
91 – Qırğızıstan;
94 – Azərbaycan;
119 – İran;
124 – Tacikistan.


Məlumat üçün bildirək ki, “Chandler Yaxşı İdarəetmə İndeksi” hesabatında yer alan “Güclü Qurumlar”  göstəricisi dövlət qurumlarının qəbul etdiyi qərarları, qanunları və planları real fəaliyyətə və xidmətlərə nə dərəcədə çevirə bildiyini qiymətləndirir.
Bu göstərici ölkədə dövlət idarəetmə sisteminin yalnız kağız üzərində deyil, praktikada nə qədər effektiv işlədiyini müəyyənləşdirməyə yönəlib.
“Güclü Qurumlar” göstəricisi 4 əsas indikator əsasında hesablanır.
Bunlardan birincisi koordinasiyadır. Bu meyar müxtəlif dövlət qurumlarının bir-biri ilə nə dərəcədə əlaqəli və koordinasiyalı işlədiyini, layihələrin icrası zamanı qurumlararası ziddiyyətlərin və bürokratik maneələrin səviyyəsini ölçür.
İkinci göstərici məlumat idarəetməsi və rəqəmsal imkanlardır. Burada hökumətin qərarların qəbulunda məlumatlardan və statistik bazalardan istifadəsi, dövlət xidmətlərinin rəqəmsallaşması və texnoloji imkanları qiymətləndirilir.
Üçüncü göstərici icraetmə mexanizmidir. Bu meyar qəbul edilmiş dövlət proqramları, islahatlar və qanunların vaxtında və effektiv şəkildə həyata keçirilib-keçirilmədiyini göstərir.
Dördüncü göstərici isə bürokratiyanın keyfiyyətidir. Burada dövlət qulluqçularının peşəkarlığı, dövlət aparatının effektivliyi və dövlət xidmətlərinin vətəndaşlar üçün keyfiyyəti nəzərə alınır.
İndeksin məlumatları müxtəlif beynəlxalq mənbələrdən toplanır. Hesablamalarda Dünya Bankı, Dünya İqtisadi Forumu və BMT-nin məlumatları da daxil olmaqla, 60-dan çox qlobal və açıq məlumat mənbəyindən istifadə edilir.
Məlumatlar əvvəlcə vahid ölçüyə gətirilir və 0-dan 1-ə qədər şkalada qiymətləndirilir. Daha sonra 4 indikatorun hər birinə eyni çəki verilir və onların orta göstəricisi hesablanaraq ölkənin “Güclü Qurumlar”   üzrə yekun balı müəyyən edilir.

Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top