Gürcüstana nə qədər azərbaycanlı gedib? – İki fərqli məlumat var


Bu ilin ilk yarısında Azərbaycandan Gürcüstana 133 min 345 nəfər səfər edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məlumatı Gürcüstan Statistika İdarəsi yayıb.
Məlumatda bildirilir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1,4% azdır. Gürcüstana səfər edən xarici ölkə vətəndaşlarının ümumi sayında Azərbaycanın payı 4,4%-dir. 2026-cı ilin yanvar-iyun aylarında Azərbaycan vətəndaşları Gürcüstanda ümumilikdə 108 milyon dollar xərcləyiblər. Bu isə o deməkdir ki, Gürcüstana səfər edən hər bir azərbaycanlı bu ölkədə orta hesabla 810 dollar xərcləyib.
Məlumat üçün onu da bildirək ki, Azərbaycan Dövlət Statistika Komitəsinin eyni dövr üçün açıqladığı məlumatlarla Gürcüstan Statistika İdarəsinin açıqladığı məlumatlar üst-üstə düşmür. Belə ki, Dövlət Statistika Komitəsi bu ilin ilk yarısında Gürcüstana 109 min 947 nəfər Azərbaycan vətəndaşının səfər etdiyini açıqlayıb.
Komitənin məlumatında həmçinin qeyd olunur ki, Gürcüstana gedənlərin 57%-i və ya 62 min 622 nəfəri qonşu ölkəyə turizm məqsədilə gedib. Azərbaycanlı turistlərin Gürcüstanda xərclədikləri vəsaitin ümumi məbləği isə 61 milyon 724,6 min manat (36,3 milyon dollar) olub. Komitənin məlumatından belə görünür ki, Gürcüstana səfər edən hər bir azərbaycanlı turist bu ölkədə orta hesabla 580 dollar xərcləyib.

Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top