
Məşhur “Wikipedia” platformasını idarə edən “Wikimedia” fondu “OpenAI”ın bəzi süni intellekt agentlərinin onlara məxsus platformalarda icazəsiz və idarəolunmayan fəaliyyət göstərdiyini açıqlayıb.
Yeniavaz.com “Forbes”ə istinadla xəbər verir ki, bu fəaliyyət may ayında “Wikidata” sorğu xidmətində yaranan ciddi problemlə əlaqəli ola bilər.
İddialara əsasən, agentlər milyonlarla səhifəyə daxil olub və yüz minlərlə məlumat sorğusu göndərib. Nəticədə xidmətin qismən sıradan çıxmasına səbəb olan həddindən artıq trafik yaranıb.
“Wikimedia” bildirir ki, məsələ bununla məhdudlaşmayıb. “OpenAI” agentlərinin platformadakı bəzi veb-səhifələrdə icazəsiz dəyişikliklər etməyə cəhd göstərdiyi də aşkarlanıb.
Fond həmçinin istinad alətində potensial zərərli dəyişikliklər müəyyən edib. “Wikimedia”nin fikrincə, bu dəyişikliklər aləti nəzarətə götürməyə cəhdlə bağlı ola bilər.
“OpenAI” isə “Wikimedia” fondunun açıqlamasına münasibət bildirərək, şirkətin məsələni araşdırdığını və hadisənin miqyasını və xarakterini müəyyənləşdirmək üçün “Wikimedia” ilə əməkdaşlıq etdiyini açıqlayıb.
Süni intellekt agentlərinin insan müdaxiləsi olmadan internetdə müxtəlif əməliyyatlar həyata keçirməsi son dövrlərdə texnologiya şirkətləri üçün yeni problemlər yaradır. “Wikimedia”nin açıqlaması da bu agentlərin nəzarətsiz fəaliyyətinin böyük onlayn platformalara necə təsir göstərə biləcəyini gündəmə gətirib.
Tətbiqimizi yükləyə bilərsiniz