Üçqat çempionlar liqasının qalibi karyerasını başa vurdu


İspaniyalı cinah yarımmüdafiəçisi Pedro Rodriqes karyerasını başa vurduğunu açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, o bu barədə “Facebook” sosial şəbəkə səhifəsində məlumat verib.
“Hiss edirəm ki, bu, irəli addım atmaq və həyatımda yeni bir mərhələyə qədəm qoymaq üçün mükəmməl andır. Məni bu qədər xoşbəxt etdiyin üçün təşəkkür edirəm, futbol”, - deyə Rodriqes qeyd edib.
Qeyd edək ki, 39 yaşlı Rodriqes “Barselona”nın gənclər akademiyasının yetirməsidir. O, 2009-cu ildən 2015-ci ilə qədər orada oynayıb və üç dəfə Çempionlar Liqasını (2009, 2011, 2015), beş dəfə İspaniya liqasını və üç dəfə Kral Kubokunu qazanıb.
Cinah oyunçusu həmçinin İtaliyanın “Roma” və “Latsio” klublarında, eləcə də İngiltərənin “Çelsi” klubunda oynayıb və bu klubla İngiltərə liqasını (2017), İngiltərə Kubokunu (2018) və Avropa Liqasını (2019) qazanıb.
Futbolçunun son klubu yayda ayrıldığı “Latsio” olub. Komandada keçirdiyi beş il ərzində Pedro 209 oyunda meydana çıxıb, 39 qol vurub və 19 məhsuldar ötürmə edib.
Karyerası ərzində futbolçu klub səviyyəsində 794 oyun keçirib, 197 qol vurub və 113 məhsuldar ötürmə edib.
Pedro İspaniya millisində 65 oyun keçirib, 17 qol vurub və 11 məhsuldar ötürmə edib. O, milli komanda ilə 2010-cu ildə Dünya Kubokunu və 2012-ci ildə Avropa Çempionatını qazanıb.

DİGƏR XƏBƏRLƏR

Top