
Baş Prokurorluq tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, tender müsabiqəsinin qalibi “Service and Supply Ltd” MMC (VÖEN – 1005654841) olub.
“Service and Supply Ltd.” MMC Baş Prokurorluğa tərcümə xidmətləri göstərəcək və qarşılığında 83 min 544 manat alacaq.
Məlumat üçün bildirək ki, “Service and Supply Ltd.” MMC 7 dekabr 2018-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 11 manat olan MMC Binəqədi rayonu, Mir Cəlal, ev 59K, m. 390 ünvanında yerləşir. MMC-nin qanuni təmsilçisi Həbibova Aytəkin Rasim qızıdır.
Qeyd edək ki, müsabiqənin qalibi olan MMC Ramiz Mehdiyev AMEA-nın prezidenti olduğu dövrdə bu qurumun keçirdiyi 130 min manatlıq tenderin qalibi olub. MMC tərcümə xidmətləri sahəsində ixtisaslaşmasına baxmayaraq AMEA-ya müxtəlif sərfiyyat malları (kağız, qələm və s.) satıb. Şirkət AMEA-nın tenderində qalib olan zaman qanuni təmsilçisi Rasimli Kəmalə Rasim qızı olub. Kəmalə Rasimli o zaman AMEA Zoologiya İnstitutunun ümumi işlər üzrə direktor müavini vəzifəsində çalışıb. Hazırda Kəmalə Rasimli Elm və Təhsil Nazirliyinin tabeliyinə verilən Zoologiya İnstitutunun baş meneceridir.
Kəmalə Rasimlinin rəhbərlik etdiyi daha bir şirkət “Aysberq KMT” MMC (VÖEN – 1003279381) adlanır. Bu şirkət də müxtəlif dövlət qurumlarının keçirdiyi çoxsaylı tenderlərdə qalib olub.
“Aysberq KMT” MMC 24 fevral 2014-cü ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 5 manat olan bu şirkətin hüquqi ünvanı “Binəqədi rayonu, Süleyman Sani Axundov, ev 2A, m. 25”də yerləşir. MMC-nin qanuni təmsilçisi Rasimli Kəmalə Rasim qızıdır.
Daha əvvəl “Service and Supply Ltd.” MMC-nin də hüquqi ünvanı Süleyman “Sani Axundov, ev 2A, m. 25”də yerləşib.
Bunlardan başqa Rasimli Kəmalə Rasim qızı fiziki şəxs (VÖEN – 1001630942) kimi də tender müsabiqələrində iştirak edərək qalib olub.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz