
Fransa hökumətinin şagirdlərin etirazlarına qarşı sərt reaksiyası ilə əlaqədar Fransanın Tehrandakı səfiri Pyer Koşar İnsan Hüquqları Baş İdarəsinin rəhbəri Həmid Əhmədi tərəfindən İran Xarici İşlər Nazirliyinə çağırılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə İRNA agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, Həmid Əhmədi səfirə Fransa hökumətinin müvafiq beynəlxalq müqavilələr və sənədlər çərçivəsində insan hüquqları öhdəliklərini xatırladıb və fundamental insan hüquqlarına və azadlıqlarına, xüsusən də Fransa xalqının dinc toplaşmaq azadlığına hörmət etməyə çağırıb.
Əhmədi Fransa təhlükəsizlik qüvvələrinin dinc etitrazçılara qarşı sərt davranışlarından dərin narahatlığını ifadə edib.
Bu isə bir sıra etirazçıların yaralanması, eləcə də 5000-dən çox insanın həbs olunması ilə nəticələnib.
O, bildirib ki, dinc etirazçılara qarşı bu qədər zorakılıq tətbiq edilməsinə heç bir şəkildə haqq qazandırıla bilməz.
Əhmədi silahlı təhlükəsizlik qüvvələrinin və polisin sinif otaqlarına daxil olaraq, şagirdləri və müəllimləri döyməsi ilə bağlı dərc olunmuş xəbərlərə istinad edərək, insan hüquqlarının kobud şəkildə pozulması hallarını aradan qaldırmaq və ölkə polisi tərəfindən həddindən artıq güc tətbiq edilməsi ilə bağlı çoxsaylı məlumatları nəzərdən keçirmək üçün müstəqil mexanizmin yaradılmasına çağırıb.
İnsan Hüquqları İdarəsinin rəhbəri etirazçıların Fransada təhsil almaq üçün fundamental hüquqa uyğun olaraq, ədalətli təhsil sistemi ilə bağlı qanuni tələblərinə toxunub və ölkə hökumətini Fransa vətəndaşlarının, xüsusən də yeni nəslin qanuni hüquqlarına hörmət etməyə və insan hüquqlarının kobud şəkildə pozulmasında günahkar olanları məsuliyyətə cəlb etməyə çağırıb.
Tətbiqimizi yükləyə bilərsiniz