"Mənzillərə verilən qazın həcmi artırılıb" - "Azəriqaz"

Bakıda müşahidə olunan hava şəraiti ilə əlaqədar qaz kəmərlərində hər hansı planlı işlərin görülməsi nəzərdə tutulmayıb. Yeniavaz.com “Report”a istinadən xəbər verir ki, bunu SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev deyib.

İ.Kərbalayevin sözlərinə görə, abonentlərin mavi yanacaqla təchizatında heç bir problem yoxdur: “Ötən günə nisbətən bu gün abonentləri 1,150 mln. kubmetr artıq təbii qazla təmin etmişik. Qaynar xəttimizə daxil olan müraciətlər əsasən sayğacların koda düşməsi ilə əlaqədardır ki, biz də onu elektron qaydada müvafiq yerli qaz istismar sahələrinə yönəldirik. Əməkdaşlarımız yarana biləcək hər hansı problemi aradan qaldırmaq üçün hazır vəziyyətə gətirilib”.

Qurum rəsmisi sayğacların və qaz borularının donması ilə bağlı yayılan məlumatlara da aydınlıq gətirib: “Qazın donmasından söhbət gedə bilməz. Yalnız sayğacların elektron (batareya) hissəsində donma ola bilər ki, bu da klapanların açılıb-bağlanmasını çətinləşdirir. Müraciətlər olduğu təqdirdə, əməkdaşlarımız problemin aradan qaldırılması üçün müvafiq yardımı göstərirlər”.

“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanriverdi Mustafayev isə deyib ki, havanın qarlı-şaxtalı olmasına baxmayaraq, istehlakçılara elektrik enerjisinin verilişində heç bir problem olmayıb: “Hava şəraiti ilə əlaqədar olaraq abonentlər elektrik enerjisi istehlakını artırıblar. Buna baxmayaraq, təminat maksimum səviyyədə həyata keçirilir”.

DİGƏR XƏBƏRLƏR

Top