
“Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası”na dəyişiklik edilib.
Yeniavaz.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.
Fərmana əsasən, valideyn himayəsindən məhrum olmuş uşağa uyğun valideyn-namizədin uşaqla tanışlıq və ailə bağlarının qurulması məqsədilə uşağın yerləşdirildiyi müəssisədə 1 (bir) ay müddətində azı 20 (iyirmi) saat olmaqla görüşü təşkil ediləcək.
Yuxarıda nəzərdə tutulmuş müddəti valideyn himayəsindən məhrum olmuş 0-3 yaşınadək uşaqlara münasibətdə sosial işçinin hesabatı əsasında Nazirlik 10 (on)) gün müddətində 6 (altı) saatadək qısalda bilər.
Sosial işçi bu Qaydanın 7.4-cü bəndində nəzərdə tutulmuş müddətdə 10 (on) saatdan az olmayaraq, bu Qaydanın 7.5-ci bəndində nəzərdə tutulmuş halda isə bütün müddət ərzində valideyn-namizədi müşahidə edir və həmin müddət başa çatdıqda 3 (üç) iş günündən gec olmayaraq müəssisədə valideyn-namizədlə uşağın görüşünün nəticələrinə dair rəy hazırlayıb altsistemə daxil edəcək.
İndiyə qədər valideyn himayəsindən məhrum olmuş uşağa uyğun valideyn-namizədin uşaqla tanışlıq və ailə bağlarının qurulması məqsədilə uşağın yerləşdirildiyi müəssisədə 2 (iki) ay müddətində ayda ən azı 40 (qırx) saat olmaqla görüşü təşkil edilirdi.
Yuxarıda nəzərdə tutulmuş müddəti valideyn himayəsindən məhrum olmuş 0-1 yaşınadək uşaqlara münasibətdə sosial işçinin hesabatı əsasında Nazirlik 20 (iyirmi) gün müddətində 12 (on iki) saatadək qısalda bilərdi.
Bu Qaydanın 7.4-cü və 7.5-ci bəndlərində nəzərdə tutulmuş müddətdə sosial işçi hər ay ərzində 8 (səkkiz) saatdan az olmayaraq valideyn-namizədi müşahidə edir və həmin müddət başa çatdıqda 3 (üç) iş günündən gec olmayaraq müəssisədə valideyn-namizədlə uşağın görüşünün nəticələrinə dair rəy hazırlayıb altsistemə daxil edirdi.
Tətbiqimizi yükləyə bilərsiniz