
Fransada bir həftə davam edən tələbə etirazları zamanı 24 orta məktəb dağıdılıb və ya yandırılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Le Figaro”ya milli təhsil naziri Eduard Ceffri danışıb.
O bildirib ki, təhlükəsizliklə bağlı narahatlıqlar səbəbindən daha 400-500 təhsil müəssisəsi dərsləri tamamilə və ya qismən dayandırıb:
“Bağlanma qərarları binalara dəyən ziyan və ya təhsil işçilərinə birbaşa hücumlar səbəbindən şagirdlərin və işçilərin təhlükəsizliyini təmin etmək mümkün olmadıqda qəbul edilir”.
Nazirin sözlərinə görə, etirazlar başlayandan bəri təhsil sisteminin 78 əməkdaşı xəsarət alıb. O, ifrat solçu elementləri tələbə hərəkatına nüfuz etməkdə günahlandırıb və onların bəzilərinin xüsusilə şiddətli toqquşmalara səbəb olduğunu bildirib.
Qeyd edək ki, etirazlar 17 sentyabrda Paris bölgəsində başlayıb və o vaxtdan bəri ölkənin digər bölgələrinə yayılıb. Son günlərdə bir neçə şəhərdə toqquşmalar və vandalizm baş verib. Cümə günü 1700-dən çox insan həbs edilib və bununla da həftənin əvvəlindən bəri həbs olunanların ümumi sayı 5000-dən çox olub.
Tələbələr təhsil sistemi üçün maliyyələşdirmənin və kadr təminatının artırılmasını tələb edir, müəllim çatışmazlığından, məktəb binalarının vəziyyətindən və həddindən artıq sıxlıqdan şikayətlənirlər.
Tətbiqimizi yükləyə bilərsiniz