
İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, yeni hərbi əməliyyatlar baş verəcəyi təqdirdə Tehranın cavabı əvvəlkindən daha güclü olacaq.
Yeniavaz.com “Mehr”ə istinadla xəbər verir ki, nazir, bununla belə, müharibənin başa çatmasına aparan diplomatik yolun açıq qaldığını deyib.
“Əgər düşmənlərimiz hərbi qarşıdurmanı seçsələr, əvvəlkindən daha güclü cavabla üzləşəcəklər. Əgər onlar diplomatik yolu seçsələr, biz diplomatik vasitələrlə ləyaqətli həllə nail olmağa hazırıq”, – Əraqçi İranda səfirlər və diplomatik nümayəndəliklərin rəhbərləri ilə görüşündə bildirib.
Nazirin sözlərinə görə, İran nümayəndə heyətinin Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyasında iştirakı zamanı Tehran müharibə və sülhlə bağlı həll yolları axtarmağa hazır olduğunu nümayiş etdirib.
Əraqçi bildirib ki, İranı təcrid etmək cəhdləri məqsədinə çatmayıb və ABŞ-nin yeni sanksiyaları vəziyyəti dəyişə bilməz:
“Biz özünümüdafiə və diplomatiyanın inkişaf etdirilməsi məsələsində qətiyyətliyik”.
Nazir həmçinin qeyd edib ki, İran sülh yolu ilə həll axtarışına hərbi təhdidlərdən qorunmaq məsələsi qədər ciddi yanaşır. Onun fikrincə, sanksiyalar və hərbi əməliyyatlar münaqişənin həllini təmin edə bilməz, diplomatik həll isə İrana qarşı təcavüzün dayandırılmasına gətirib çıxara bilər.
Tətbiqimizi yükləyə bilərsiniz