
İran İslamabad memorandumunda nəzərdə tutulan yeddi şərt yerinə yetirilənədək Hörmüz boğazını açmayacaq.
Yeniavaz.com “Mehr”ə istinadla xəbər verir ki, bu barədə İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf bazar günü parlament iclasında çıxışı zamanı bildirib.
“İslamabad memorandumunda qeyd olunan yeddi şərtimiz yerinə yetirilməyənədək Hörmüz boğazı açılmayacaq”, – Qalibaf deyib.
O, İranın mövqeyinin tamamilə qəti və yekun olduğunu vurğulayıb.
Qalibaf bildirib ki, Tehran amerikalı siyasətçilərin sosial şəbəkələrdəki açıqlamalarına və gündəlik şərhlərinə əsaslanmaq niyyətində deyil. Onun sözlərinə görə, İran qarşı tərəfin ictimai ritorikasından deyil, real addımlarından çıxış edəcək.
İran parlamentinin sədri həmçinin bildirib ki, ABŞ son dövrlərdə vasitəçilər vasitəsilə Tehrana müxtəlif təkliflər çatdırıb. Lakin onun sözlərinə görə, Vaşinqtonun danışıqları uzada və birtərəfli tələblər irəli sürə bildiyi dövr artıq başa çatıb.
Qalibaf hazırkı vəziyyəti qavrayış müharibəsinin bir hissəsi adlandırıb. Onun iddiasına görə, ABŞ eyni vaxtda danışıqlara hazır olduğunu nümayiş etdirir, hərbi əməliyyatlarla hədələyir və vasitəçilik təklif edir.
O bildirib ki, bu ziddiyyətli siqnallar İran daxilində qeyri-müəyyənlik yaratmağa və ölkə rəhbərliyinin hesablamalarına təsir göstərməyə yönəlib.
Bununla yanaşı, Qalibaf İranın eyni vaxtda həm danışıqlar aparmağa, həm də hərbi qarşıdurmanı davam etdirməyə hazır olduğunu vurğulayıb:
“Danışıqlar masası arxasında qalib gələn müharibəyə hazırlaşandır”.
Tətbiqimizi yükləyə bilərsiniz