
Xəbər verdiyimiz kimi, Xətai rayonunda yerləşən 64 nömrəli tam orta məktəbin biologiya müəllimi Aytəkin İmanova istefa ərizəsi yazaraq 20 illik işindən ayrılıb. A.İmanova 20 illik peşə fəaliyyətini köləlik zənciri ilə müqayisə edib və növbəti 20 ilini xilas etmək ümidi ilə işindən ayrıldığını bildirib.
Yeniavaz.com xəbər verir ki, 64 nömrəli məktəbdən “Azərbaycan müəllimi”nə açıqlama verilib.
Açıqlamada bildirilib ki, İmanova Aytəkin Murad qızı 25.10.2006-cı il tarixindən - 11.09.2026-cı il tarixinədək 64 nömrəli tam orta ümumtəhsil məktəbində biologiya müəllimi vəzifəsində çalışıb:
“İşlədiyi müddət ərzində dəfələrlə ailə vəziyyətinə görə öz hesabına məzuniyyətə çıxıb və 6 saatdan artıq dərs tədris etməyib. Dərs yükünü az götürməsini isə öz maraq dairəsinə uyğun başqa peşələrə, kurslara, təlimlərə getməsi ilə əlaqələndirib.
10.09.2026-cı il tarixində məktəbə gələrək öz xahişi ilə ərizə yazıb və 11.09.2026-cı il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68 (2A) maddəsinə əsasən işdən azad edilib.
Məlum olduğu kimi, bu gün müəllimin əməkhaqqı tədris etdiyi dərs saatlarının miqdarından asılı olaraq dəyişir. Əgər müəllim az dərs saatı verilməsini istəyibsə, o zaman alacağı əməkhaqqının aşağı olacağı barədə məlumatlı olub.
Bundan başqa, bu gün kifayət qədər müəllim məktəbdəki fəaliyyəti ilə yanaşı digər təhsil fəaliyyəti ilə də məşğul olmaq hüququna malikdir və Əmək Qanunvericiliyinin tələbləri çərçivəsində Aytəkin İmanovanın da fəaliyyətinə hər hansı məhdudiyyət qoyulmayıb”.
Qeyd edək ki, orta məktəb müəlliminin istefa ərizəsi yazaraq işdən çıxması sosial şəbəkələrdə geniş izləyici tərəfindən müzakirələrə səbəb olub.
Tətbiqimizi yükləyə bilərsiniz