
ABŞ İranla artan gərginlik fonunda Yaxın Şərqə üçüncü təyyarədaşıyan zərbə qrupunu göndərir.
Yeniavaz.com “The Guardian”a istinadən xəbər verir ki, “USS Theodore Roosevelt” təyyarədaşıyan gəmisinin rəhbərlik etdiyi zərbə qrupu və “USS Makin Island” desant qrupu bölgəyə doğru yola çıxıb.
Gəmilərin tərkibində ümumilikdə 7 mindən çox dənizçi və 2 minədək dəniz piyadasının olduğu bildirilir.
ABŞ rəsmisinin məlumatına görə, yeni qüvvələrin oktyabrın sonuna qədər bölgəyə çatması gözlənilir. Bu halda Yaxın Şərqdə ABŞ-nin üç təyyarədaşıyan zərbə qrupu fəaliyyət göstərə bilər. Bölgədəki ümumi ABŞ dəniz qüvvələrinin sayı isə 20 mindən çox dənizçi və dəniz piyadasına, aviasiya qüvvələrinin sayı isə yüzlərlə təyyarəyə çata bilər.
Hazırda bölgədə “USS George H. W. Bush” və “USS George Washington” təyyarədaşıyan gəmiləri, həmçinin “USS Boxer” desant qrupu yerləşir. “USS George Washington” bölgədə “USS Abraham Lincoln”u əvəz edib.
Bu addım ABŞ Prezidenti Donald Trampın İranla bağlı hərbi əməliyyatların genişləndirilməsinin mümkünlüyünü açıqlamasından sonra baş verir.
Tramp “Time” jurnalına müsahibəsində noyabrın 3-də keçiriləcək ara seçkilərdən sonra İrana qarşı bombardmanların artırılmasının mümkün olduğunu deyib. Prezident konkret hədəflər barədə danışmaqdan imtina edib.
ABŞ-nin Yaxın Şərqdə eyni vaxtda üç təyyarədaşıyan zərbə qrupunun olması sonuncu dəfə 2026-cı ilin aprelində qeydə alınıb. Bundan əvvəl isə belə vəziyyət 2003-cü ildə yaranıb.
Tətbiqimizi yükləyə bilərsiniz