Fransada nə baş verir?


Fransada lisey şagirdlərinin təhsil şəraitinin pisləşməsinə qarşı etirazları kəskinləşərək ölkə üzrə geniş vüsət alıb.
Yeniavaz.com
BBC-yə istinadla xəbər verir ki, ötən həftə başlayan aksiyalar Paris də daxil olmaqla, ölkənin müxtəlif şəhərlərində yüzlərlə məktəbə yayılıb.
Şagirdlər məktəblərdə sıxlıq, müəllim çatışmazlığı, köhnə binalar, eləcə də təhsil və tibbi-sosial personalın azlığından narazıdırlar. Etirazların əsas səbəblərindən biri hökumətin 2027-ci il büdcə layihəsidir. Layihədə təhsil xərclərinin 1,7 faiz artırılması nəzərdə tutulsa da, bu artım inflyasiya səviyyəsindən aşağıdır.
Daxili İşlər Nazirliyinin məlumatına görə, indiyədək 1027 lisey nümayişlərdən təsirlənib, 222-si blokadaya alınıb. Ən azı 30 universitetdə blokadalar təşkil edilib. Cümə günü isə ölkə üzrə təxminən 400 məktəbin bağlandığı bildirilir.
Aksiyalar zamanı təxminən 2 min nəfər saxlanılıb və onların əksəriyyətinin yeniyetmələr olduğu qeyd olunub. Həmçinin 305 polis əməkdaşının yaralandığı bildirilir. Hökumət nümayişlərin bəzi bölgələrdə “şəhər zorakılığı”na çevrildiyini açıqlayıb.
Bununla yanaşı, hüquq müdafiə təşkilatları polisin nümayişçilərə qarşı sərt davranmasından narahatlıq ifadə edib. Daxili İşlər Nazirliyi polis zorakılığı ilə bağlı üç araşdırmanın başladıldığını bildirib.
Etirazların Belçikanın Lyej şəhərinə yayıldığı da deyilir.
Gərginliyi azaltmaq məqsədilə hökumət bəzi hazırlıq siniflərinə qeydiyyat haqlarının tətbiqindən imtina edib. Həmçinin növbəti həftədən şagirdlərin tələblərini dinləmək üçün milli məsləhətləşmə platformasının fəaliyyətə başlayacağı açıqlanıb.

DİGƏR XƏBƏRLƏR

Top