
Böyük Britaniyanın Tehrandakı səfiri Huqo Şorter İran Xarici İşlər Nazirliyinə çağırılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi bəyanat yayıb.
Sənəddə qeyd edildiyi kimi, İran xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini Məcid Təxt-Rəvançi görüş zamanı Britaniya rəhbərliyinin İranın hərbi bazada təxribat cəhdində iştirakı ilə bağlı ittihamlarına sərt etirazını bildirib.
O, Londonun iddialarını qəti şəkildə rədd edərək onları “əsassız və absurd” adlandırıb.
İran diplomatı qeyd edib ki, Britaniya hakimiyyətinin təbliğat kampaniyası diqqəti Londonun ABŞ və İsrailin İrana qarşı əməliyyatlar üçün hərbi obyektlərindən istifadəyə icazə verməsi məsuliyyətindən yayındırmaq məqsədi daşıyır.
Təxt-Rəvançi Böyük Britaniyadan məsələ ilə bağlı rəsmi izahat verilməsini və Tehrana qarşı siyasətinə yenidən baxılmasını tələb edib.
Britaniya səfiri ölkəsinin rəhbərliyinə etiraz notası göndərəcəyini vəd edib.
Qeyd edək ki, daha əvvəl Britaniya hakimiyyəti Qlosterşirdəki RAF Ferford yaxınlığında təxribat və kəşfiyyat cəhdinin qarşısını aldığını açıqlamışdı. London iddia etmişdi ki, sui-qəsdin arxasında İran strukturları dayanır. London həmçinin, hadisəni Böyük Britaniyanın milli təhlükəsizliyinə birbaşa təhdid kimi təsnif etmişdi.
Tətbiqimizi yükləyə bilərsiniz