Azərbaycan hərbçisi Ermənistanda saxlanıldı – Cinayət işi açıldı + Yenilənib


“Laçın istiqamətində hərbi qulluqçumuzun itkin düşməsi faktı ilə bağlı cinayət işi başlanıb".
Yeniavaz.com
xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin yaydığı məlumatda bildirilib.
“Bəzi sosial media səhifələrində Azərbaycan Respublikasının Laçın rayonu istiqamətində yerləşən hərbi hissələrdən birində müddətli həqiqi hərbi xidmət keçən Musayev Nəsimi Rasim oğlunun itkin düşməsi barədə məlumatlar yayılıb. Bildiririk ki, 26 sentyabr 2026-cı il tarixində Nəsimi Musayevin xidmət yerində olmaması və olduğu yerin müəyyən edilməməsi ilə əlaqədar onun axtarışına başlanılıb, Müdafiə Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qüvvələri tərəfindən zəruri axtarış tədbirləri həyata keçirilib.
Bununla yanaşı, hadisənin hallarının araşdırılması məqsədilə Hərbi Prokurorluqda müvafiq araşdırma aparılıb və araşdırma nəticəsində Nəsimi Musayevin hərbi hissəni özbaşına tərk etməsinə əsaslı şübhələr müəyyən edilib.
Araşdırma zamanı toplanmış materiallar əsasında Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, hazırda iş üzrə zəruri istintaq və digər prosessual hərəkətlər davam etdirilir.
Həyata keçirilən tədbirlər nəticəsində Nəsimi Musayevin Ermənistan ərazisində olduğu və həmin ölkənin aidiyyəti orqanları tərəfindən saxlanıldığı müəyyən edilib.
Hazırda Nəsimi Musayevin Ermənistan ərazisində olması, saxlanılması, habelə hadisənin digər hallarının aydınlaşdırılması məqsədilə Azərbaycanın aidiyyəti dövlət qurumları tərəfindən qarşı tərəfin müvafiq qurumları ilə zəruri təmaslar davam etdirilir”,  - məlumatda deyilir.
Qeyd olunub ki, cinayət işi üzrə istintaqın gedişi və nəticələri barədə qanunvericiliyin tələblərinə uyğun olaraq ictimaiyyətə əlavə məlumat veriləcək.

***17:21 
Ermənistanda Sünik bölgəsində (Zəngəzur – red.) mülki şəxsi yaralayan Azərbaycan hərbçisi həbs edilib.
Yeniavaz.com
Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.
Bildirilir ki, 1 oktyabr saat 14:15-də Ermənistan Respublikası Daxili İşlər Nazirliyinin 112 Əməliyyat Mərkəzinə Sünik rayonunun Şəki kəndində Ermənistan vətəndaşının ayağından güllə yarası alması barədə məlumat daxil olub.
Hadisə yerinə Daxili İşlər Nazirliyinin müxtəlif polis bölmələrindən əməliyyat qrupları cəlb olunub.
Ermənistan mətbuatının yazdığına görə hadisəni Azərbaycan hərbçisi törədib və o, həbs olunub.
Qeyd olunur ki, hadisənin təfərrüatları Azərbaycan tərəfinə də təqdim edilib. Hadisə ilə bağlı Ermənistan Respublikasının İstintaq Komitəsi tərəfindən cinayət işinin açıldığı bildirilir.

DİGƏR XƏBƏRLƏR

Top