Gəncədə 5 şagird zəhərlənib


Gəncədə zəhərlənmə hadisəsi baş verib.
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, hadisə Gəncə şəhər Cəfər Cabbarlı adına 6 nömrəli tam orta məktəbdə qeydə alınıb.
Məktəbin bir neçə şagirdi zəhərlənmə əlamətləri ilə xəstəxanaya yerləşdirilib.
İlkin məlumata görə, şagirdlər məktəbinin bufetindən konfet alıb yeyəndən sonra özlərini pis hiss ediblər.
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən bildirilib ki, dərs prosesi zamanı 4-cü sinif şagirdlərindən bir neçəsi özünü pis hiss edib:
“Məsələ dərhal məktəb rəhbərliyi tərəfindən nəzarətə götürülüb, şagirdlər müvafiq tibb müəssisəsinə yönləndiriliblər.
Hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində müvafiq qurumlarla birgə araşdırma aparılır. Şagirdlərin səhhəti təhsil müəssisəsi və idarə tərəfindən nəzarətdə saxlanılır”.
TƏBİB-dən bildirilib ki, oktyabrın 1-də saat 12:30 radələrində 5 nəfər (qadın cinsli) zəhərlənmə şübhəsilə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub:
“Zəruri tibbi xidmətlər göstərilən pasiyentlərin müalicələri müvafiq şöbədə davam etdirilir, vəziyyətləri stabil qiymətləndirilir”.
Qida Təhlükəsizliyi Agentliyindən isə bildirilib ki, Gəncədə orta məktəbdə baş verən zəhərlənmə hadisəsi nəzarətdədir:
“Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri tərəfindən araşdırmalara başlanılıb. Araşdırmanın nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək”.

DİGƏR XƏBƏRLƏR

Top