KFC eyni məhsulu Azərbaycanda 3,2, Gürcüstanda 2,2, Ermənistanda 2,1, Türkiyədə 1,4 dollara satır


Məşhur festfud restoranlar şəbəkəsi KFC-nin Azərbaycandakı restoranlarında satılan məhsulların qiyməti qonşu ölkələrdəki analoji qiymətlərdən yüksəkdir.
Yeniavaz.com
xəbər verir ki, Bakıda fəaliyyət göstərən KFC restoranlarında ən çox satılan məhsullardan biri olan orta ölçülü “kartof çubuqları”nın (“Orta Fri Kartofu”) qiyməti 5,5 manat (3,2 dollar), 0,5 litrlik klassik “Coca-Cola”nın qiyməti isə 3,9 manat (2,3 dollar) təşkil edir.
Müqayisə üçün bildirək ki, qonşu ölkələrdə – Gürcüstan, Ermənistan və Türkiyədə  fəaliyyət göstərən KFC restoranlarında eyni məhsulların qiyməti Azərbaycandakı qiymətlərdən aşağıdır.

Məlumat üçün onu da bildirək ki, Azərbaycandakı KFC restoranlarının françayzinq hüququ GFC MMC-yə (VÖEN – 1701946331) məxsusdur. Nizamnamə kapitalı 10 000 manat olan GFC MMC 2016-cı ildə vergi qeydiyyatına alınıb. Hüquqi ünvanı “Nəsimi rayonu, Kövkəb Xanım Səfərəliyeva, ev 64”də yerləşən MMC-nin qanuni təmsilçisi Məmmədov Zaur Rüstəm oğludur.
Onu da qeyd edək ki, GFC MMC-nin qeydiyyatda olduğu ünvanda – “Nəsimi rayonu, Kövkəb Xanım Səfərəliyeva, ev 64”də “6-cı mərtəbə” müstəqil şirkəti də qeydiyyatdadır və bu şirkətin qanuni təmsilçisi isə Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqaz Təhməzlinin qardaşı Atəş Təhməzovdur.
Xatırladaq ki, Bakıda fəaliyyət göstərən KFC restoranları vaxtilə sabiq nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədova məxsus ZQAN holdinqə bağlı olub. ZQAN holdinq 2013-cü ildə adını dəyişərək “Garant” holdinq olub. 2017-ci ildə Ziya Məmmədov nazir vəzifəsindən azad edildikdən sonra KFC restoranlarının françayzinq hüququ Anar Məmmədovdan geri alınıb.
Anar Məmmədov 23 iyul 2021-ci il tarixində Böyük Britaniyanın paytaxtı Londonda KFC françayzinqinə sahib olan “B.J.R. Foods Limited” şirkətinin 75%-lik payını satın alıb. Səhmlərinin 75%-i Anar Məmmədova məxsus olan bu şirkətə hazırda Böyük Britaniya vətəndaşları 1970-ci il təvəllüdlü Zafar Abbasi və 1967-ci il təvəllüdlü İqbal Suleman rəhbərlik edirlər. Bu şəxslər daha əvvəl – 2004-2010-cu illərdə Londonda fəaliyyət göstərən “Zqan UK Ltd” şirkətinə rəhbərlik ediblər.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top