
Danimarka səfiri Rolf Holmbou Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.
Məlumata görə, orada səfirə Danimarka Hərbi Hava Qüvvələrinə məxsus helikopterin Rusiya Baltik Donanmasına məxsus gəmiyə qarşı təxribatçı hərəkətləri ilə əlaqədar sərt etiraz bildirilib.
“30 sentyabrda Danimarkanın Rusiyandakı səfiri Rolf Holmbou Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. Danimarka tərəfinə Danimarka Hərbi Hava Qüvvələrinə məxsus “Fennec” helikopterinin 14 sentyabrda cənub-qərbi Baltik dənizindəki neytral sularda Baltik Donanmasının “Soobrazitelnıy” korvetinə qarşı qeyri-peşəkar və təxribatçı hərəkətləri ilə bağlı sərt etiraz bildirilib”, - deyə XİN-in məlumatında qeyd edilib.
Rusiya XİN qeyd edib ki, sözügedən helikopter Rusiya gəmisinə təhlükəli dərəcədə yaxınlaşıb və gəminin üzərində 50 metrdən az hündürlükdə dayanıb.
Bununla da, helikopter gəminin naviqasiya təhlükəsizliyi üçün real təhlükə yaradıb.
Helikopter həmçinin, Rusiya heyəti tərəfindən beynəlxalq tezliklərdə dəfələrlə verilən təhlükəli hündürlüklə bağlı xəbərdarlıqlara məhəl qoymayıb.
Diqqəti cəlb etmək üçün korvet helikopterin əksi istiqamətində iki siqnal raketi atıb. Bundan sonra helikopter təxribatçı hərəkətlərini dayandırıb və ərazini tərk edib.
Rusiya XİN Danimarka helikopterinin hərəkətlərini BMT-nin Dəniz Hüququ Konvensiyasının pozulması kimi qiymətləndirdiyini bəyan edib. Moskva tərəfi, həmçinin, Baltik regionunda gərginlik şəraitində bu cür hərəkətlərin təkrarlanmasının eskalasiyaya və ciddi insidentə gətirib çıxara biləcəyi barədə xəbərdarlıq edib.
Tətbiqimizi yükləyə bilərsiniz