
İranın Gürcüstandakı səfiri Seyid Əli Moucani Gürcüstan Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Gürcüstan XİN-dən məlumat verilib.
Məlumata görə, Gürcüstan xarici işlər nazirinin müavini Aleksandre Xvtisiaşvili səfirə onun sosial şəbəkələrdə yaydığı bəyanatların diplomatik fəaliyyət çərçivəsindən kənara çıxdığını bildirib.
O, bu cür bəyanatların ictimai əhval-ruhiyyəyə mənfi təsir göstərdiyini qeyd edib.
XİN rəsmisi İran tərəfinin belə halların təkrarlanmaması üçün müvafiq tədbirlər görəcəyinə və bununla da Gürcüstan tərəfinin əlavə addımlar atmasına ehtiyacın qalmayacağına ümid etdiyini bilsdirib.
Aleksandr Xvtisiaşvili həmçinin İran səfirinə izah edib ki, Gürcüstanda akkreditə olunmuş diplomatik nümayəndələr fəaliyyətlərini diplomatik mandat və səlahiyyətləri çərçivəsində həyata keçirməli, diplomatik münasibətlərin müəyyən edilmiş normalarına riayət etməli və qəbul edən ölkənin tarixini və daxili məsələlərini şərh etməkdən çəkinməlidirlər.
Qeyd edək ki, qalmaqala səbəb İranın Gürcüstandakı səfiri Seyid Əli Moucani “Facebook” səhifəsindəki paylaşımı olub.
O, İran səfirliyinin binasının fasadına proyeksiya olunmuş gürcü çariçası Ketevanın təsvirini paylaşaraq tezliklə bu tarixi şəxsiyyət barədə ilkin araşdırmalarının nəticələrini təqdim edəcəyini bildirib.
Səfirin bu hərəkəti Gürcüstanın hakim dairəsində və ictimaiyyət arasında kəskin etirazlara səbəb olub.
Tətbiqimizi yükləyə bilərsiniz