
Son illərdə süni intellektin sürətli inkişafı həyatın bir çox sahəsində olduğu kimi, təhsilə də öz təsirini göstərib. Artıq şagirdlər müxtəlif mövzular üzrə məlumat əldə etmək, tapşırıqları yerinə yetirmək və mətn hazırlamaq üçün süni intellekt alətlərindən geniş şəkildə istifadə edirlər. Bu isə bir tərəfdən təhsil prosesində yeni imkanlar yaratsa da, digər tərəfdən şagirdlərin müstəqil düşünmə, araşdırma və öyrənmə bacarıqlarına mümkün təsirlərlə bağlı suallar doğurur.
Bəs şagirdlərin süni intellektdən istifadəsi təhsilin keyfiyyətinə necə təsir edir?
Məsələ ilə bağlı təhsil eksperti Elçin Əfəndi Yeniavaz.com-la öz fikirlərini bölüşüb.
Onun sözlərinə görə, süni intellektdən davamlı və ya həddindən artıq istifadə şagirdlərin platformadan asılılığına gətirib çıxara bilər:
“Süni zəka bilik və bacarıqların möhkəmləndirilməsində çətinliyə, diqqətin fokuslanması və yaddaşla bağlı problemlərə səbəb olur”.
Ekspert hesab edir ki, süni zəka platformalarından çox istifadə edildiyi təqdirdə, şagirdlərin mövzunu müstəqil şəkildə mənimsəməsi və uzun müddət yadda saxlaması çətinləşə bilər:
“Biz süni intellektdən deyil, dərsliklərdən istifadənin tərəfdarıyıq”.
E. Əfəndi süni intellektdən istifadənin yalnız hansısa mövzu üzrə informasiya əldə etmək üçün dərsliklərdən istifadənin yetərli olmadığı hallarda mümkün olduğunu bildirib. Lakin burada da tənzimlənən prosesin vacib olduğunu vurğulayıb:
“Həm valideynlər, həm də müəllimlər uşaqlara nəzarət etməlidir. Onlar çalışmalıdırlar ki, dərs tapşırıqlarının yoxlanılması zamanı şagird mövzunu tam mənimsəyə bilsin”.
Ekspert bunun üçün əsas məsuliyyətin isə müəllimlərin üzərinə düşdüyünü qeyd edib:
“Müəllimlər şagirdlərə ev üçün verdikləri tapşırıqları dərsdə yenidən əyani şəkildə həll etdirməlidirlər”.
Zöhrə İsazadə
Tətbiqimizi yükləyə bilərsiniz