
İsrailin Baş naziri Benyamin Netanyahu 27 oktyabrda keçiriləcək parlament seçkilərindən əvvəl ölkəsinə hücum təhlükəsi olduğunu iddia edir.
Yeniavaz.com xəbər verir ki, o, bu barədə Tel Nof Hərbi Hava Qüvvələri bazasında lentə alınan və Baş nazirin ofisi tərəfindən yayılan videomüraciətdə bildirib.
“Düşmənlərimizin seçkilər ərəfəsində bizə hücum etməyə çalışacaqlarına dair əlamətlər var. Buna görə də, buradan, İsrailin uzun əlinin uzandığı bu Hərbi Hava Qüvvələri bazasından onlara bir mesaj göndərirəm: Bizimlə işiniz olmasın – nə indi, nə də sonra. Uzun əlimiz istənilən yerdə və istənilən vaxt sizə çatacaq”, - o qeyd edib.
Qeyd edək ki, İsraildə parlament seçkiləri 27 oktyabrda keçiriləcək. Nəticələr yeni Knesseti (parlamenti) müəyyən edəcək. Bundan sonra ən çox yer qazanan partiyanın liderinə yeni hökumət qurmaq tapşırılacaq. Son sorğulara görə, Netanyahunun “Likud” partiyasının rəhbərlik etdiyi hazırkı hakim koalisiya və birləşmiş müxalifət arasında səslər bərabərdir. Buna baxmayaraq, heç bir tərəf hökumət koalisiyasını qurmaq üçün lazım olan 61 yeri əldə edə bilmir.
Tətbiqimizi yükləyə bilərsiniz