
ABŞ-nin Tennessi ştatında son iki əsrdə ilk dəfə bir qadın edam ediləcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə “ABC News” telekanalı məlumat yayıb.
Məlumata görə, bir gün əvvəl qubernator Bill Li məhkum Krista Paykı əfv etməkdən imtina edib. Nəticədə, onun vəkilləri edam prosesinin dayandırılması üçün ölkənin Ali Məhkəməsinə müraciət ediblər.
Əgət Ali Məhkəmə hökmün icrasını dayandırmasa, məhkumun hökmü 30 sentyabrda icra ediləcək.
Bununla da Payk 1820-ci ildən bəri Tennessi ştatında edam edilən ilk qadın olacaq.
Krista Payk cinayəti.1995-ci ildə 18 yaşında törədib. O, 19 yaşlı qrup yoldaşı Kollin Slemmeri qətlə yetirib.
Prokurorluğun məlumatına görə, sevgilisinin Slemmerlə münasibətinə qısqanan Payk onu təcrid olunmuş bir yerə aparıb və sevgilisi ilə birlikdə onu işgəncə verərək öldürüb.
Qətlin qəddarlığı, iştirakçıların yaşının azlığı, həmçinin qurbanın bədənində şeytan simvolunun həkk olunması bu işin geniş rezonans doğurmasına səbəb olub.
1996-cı ildə Payk birinci dərəcəli qətldə təqsirli bilinərək ölüm cəzasına məhkum edilib və bununla da, o, ABŞ-nin müasir tarixində ölüm cəzasına məhkum edilmiş ən gənc qadın olub.
Payk günahını boynuna alsa da, müdafiə tərəfi cinayət törədilən zaman onun yaşını, uşaqlıqda zorakılığa məruz qalma tarixçəsini, bipolyar pozğunluq və posttravmatik stress pozğunluğu tarixçəsini əsas gətirərək ölüm hökmünü qeyri-mütənasib hesab edib.
Ancaq qurbanın anası ölüm hökmünün icrasını tələb edib.
Qeyd edək ki, ABŞ-də qadınlara qarşı edamlar nadir hallarda baş verir. Son 50 ildə ölkədə 18 qadın edam edilib ki, bu da bütün edamların 1%-ni təşkil edir.
Tətbiqimizi yükləyə bilərsiniz