"Kreditimi ödəyib qurtarmışam, "Unibank" mənə yeni borc yazıb" - Lənkəran sakini

Banklarla vətəndaşlar arasında problemlər bitmək bilmir. Lənkəran şəhəri Stəmurdov kənd sakini Təbibə Hüseynova isə "Unibank"dan şikayətçidir. Şikayətçi "Yeniavaz.com"a müraciətində bildirib ki, "Unibank"ın Lənkəran filialından 36 ay müddətinə 2500 AZN kredit götürüb. Onu da qeyd edək ki, T. Hüseynova krediti götürən vaxt dolların məzənnəsi 0.78 AZN olub və bu məzənnə ilə krediti ödəyib qurtarıb. Devalvasiyadan sonra T. Hüseynovanı filiala dəvət edib onun banka 2800 AZN borcu olduğunu bildiriblər. Təbibə Hüseynova bu məbləği ödəyə bilmədiyi üçün bir müddət sonra yenidən "Unibank"ın Lənkəran filalına dəvət olunaraq, ona 4000 AZN borcu olduğunu deyiblər. Bildiriblər ki, bu borcu yeni məzənnə ilə (1.05 AZN) ödəmilidir. Vətəndaş iddia edir ki, banka heç bir borcu yoxdur. Mövzu ilə bağlı ekspertlərin fikirlərini öyrəndik.

Hüquqşünas Erkin Qədirovun sözlərinə görə, bu halda vətəndaş məhkəməyə şikayət etməlidir: "Belə mübahisəli məsələlərə məhkəmədə baxılmalıdır. Konstitusiya məhkəməsinin qərarı var - devalvasiyadan sonra yeni məzənnənin fərqi borcun hesablanmasına təsir etməməliydi. Mübahisəli qərardır, ancaq qərardır. Bu ancaq məhkəməlik işdir, ona görə də işin faktiki tərkibinə baxmaq lazımdır. Gecikmələr, cərimələr olubmu və s".

"Banklarımızın vəziyyəti gündən-günə pisləşdiyi üçün camaatı yükləyirlər"

Hüquqşünas Əkrəm Həsənovun isə məsələyə münasibəti belə oldu: "Təəssüf ki, banklarımızın vəziyyəti gündən-günə pisləşdiyi üçün camaatı yükləyirlər - məbləğdə, faizdə vətəndaşları aldadırlar. Banklar düşünür ki, vətəndaş ödədiyi qəbzi itirib edər, mən də deyərəm ki, ümümiyyətlə, heç nə verməmisən. Bu əlbəttə, bank tərəfindən edilən bir dələduzluqdur. Təəssüf ki, bəzi vətəndaşlar bu haqda heç nə danışmırlar. Haqqında danışdığımız vətəndaş da ona ilk belə müraciətlər ediləndə deyərdi ki, xeyr, mən pulu ödəyib bitirmişəm. Bankın etdiyi düzgün olmadığı üçün vətəndaş bankı məhkəməyə də verə bilər və yaxud da gözləyər ki, bank onu məhkəməyə versə, çeklərini hakimə versin, mühasibatlıq ekspertizasının təyin edilməsini hakimdən istəsin. Həmin ekspertiza müəyyən edəcək ki, borc ödənilib ya yox. İndiki halda vətəndaşa tövsiyəm odur ki, Maliyyə Bazarlarına Nəzarət Palatasına şikayət etsin. Bildiyim qədər palata banklara qarşı tədbirlər görür".

"Fərdi qaydada hüquqşünaslarla araşdırmaq lazımdır"

"Ödəniş vaxtına fikir vermək lazımdır, ödədiyi pulların qəbzlərdə ödəniş tarixlərinə diqqət göstərmək lazımdır". Bu sözləri iqtisadçı iqtisadçı ekspert Akif Nəsirli dedi. Müsahibimiz bildirdi ki, kreditin ödənişi devalvasiyadan əvvəl qurtarıbsa, bankın heç bir haqqı yoxdur ki, vətəndaşdan nəsə tələb eləsin: "Bu mövzuda daha çox hüquqşünasa müraciət etməlidir. Əlindəki sənədlərlə birlikdə müraciət edib aydınlaşdırmaq lazımdır. Devalvasiyadan əvvəl borcu bitiribsə, bankın ona nəyisə iddia eləməyə haqqı yoxdur. Amma devalvasiyadan sonrakı müddətdə bitibsə, o kursla müəyyənləşdirib borc yaza bilərlər. Hazırda borcu olanlar da banklara borcunu ödəmir və onlar da ciddi surətdə tələb etmirlər. Bu məsələni fərdi qaydada hüquqşünaslarla araşdırmaq lazımdır".

Məsələ ilə bağlı "Unibank"ın "qaynar xətti"nə zəng vurduq, bildirdilər ki, bizə yalnız "Yeniavaz.com" saytından rəsmi sorğu daxil olandan sonra məsələyə baxa bilərik. Bankın elektron poçtuna məktub yazdıq, lakin heç bir cavab göndərilmədi...

Ruzbeh Məmməd

DİGƏR XƏBƏRLƏR

Top