"Ərzaq məhsullarının qiyməti dəyişəcək" - Ekspert rəyi

Mərkəzi Bank rəsmi məzənnəyə tətbiq etdiyi 4%-lik marjanı ləğv edəndən sonra ölkəmizdə dollar sürətlə bahalaşır. Dolların qiyməti dəyişdikcə ölkəmizdə ərzağın qiyməti də bahalaşır. Bəs son günlər dolların bahalaşması ərzaq bazarında hansı "sürprizlərə" səbəb olacaq? Mövzu ilə bağlı Yeniavaz.com saytının suallarını iqtisadçı ekspert Akif Nəsirli cavablandırdı: "Üzən məzənnə rejiminin məqsədi ondan ibarətdir ki, manat bazarda öz real dəyərini əldə eləsin, real dəyərini qazansın. Manatın real dəyəri biz bilirik ki, daha ucuzdur. Ona görə də üzən məzənnə rejimi vasitəsilə manat öz real dəyərinə qovuşacaq - iki aya, üç aya, 5 aya, yəni tədricən buraxılır. Sözsüz ki, buna uyğun, yəni ərzaq mallarının qiyməti həmin artıma uyğun olaraq bahalaşacaqdır. Dolların bahalaşması, manatın dəyərinin aşağı düşməsi ilə bağlı bəzi psixoloji təsirlər də olacaq və bu da ərzağın, ərzaq məhsullarının qiymətinin müvəqqəti olaraq daha çox bahalaşmasına gətirib çıxaracaq".

"Biz daxili istehsalı dirçəltməliyik"

İqtisadçının sözlərinə görə, manat dəyərdən düşdükcə bütün bazarlarda - təkcə ərzaq bazarında yox, bütün bazarlarda qiymətlərin bahalaşması prosesi müşahidə olunacaq: "Ta o vaxta qədər ki, manat öz real dəyərini alacaq və sabitləşəcək. Bu sabitləşmə isə təkcə zamana bağlı məsələ deyil. Bu ağac deyil ki, bitsin və zamanı gələndə meyvə versin. Biz o ağacı əkməliyik, amma hələ əkməmişik. Biz daxili istehsalı dirçəltməliyik. Biz ölkənin iqtisadiyyatını o vəziyyətə gətirməliyik ki, Azərbaycanın daxili tələbatının 70-80 faizini ödəyə bilsin. Bundan sonra artıq sabitlikdən, qiymətlərin yavaş-yavaş yumşalmasından danışmaq olar. Əhalinin dolanışığı üçün əlçatan qiymətlərin olması yalnız bu dövrdən sonra başlayacaq. Ola bilsin ki, daşınmaz əmlakın, avtomobillərin, yəni qeyri-ərzaq məhsullarının qiymətində ucuzlaşma, sabitlik olsun. Bu da onunla bağlıdır ki, Azərbaycan hökuməti bu gün dolların bahalaşmasını cilovlamaqdan ötrü ölkə iqtisadiyyatını kiçildir. Ölkə iqtisadiyyatı kiçildikcə isə əhalinin əlində pul kütləsi azalır, əhalinin əlinə pul kütləsi az gəlir. Ona görə də ola bilsin ki, bir adam ildə beş paltar alırdısa, indi ikisini alır. Burada qiymətlərin artımı ola bilsin ki, ərzaq bazarına nisbətən az müşahidə olunsun. Amma bütün sahələrdə bu il ərzində bahalaşmanın olması qaçılmazdır".

"Praktiki baxımdan indiki bahalaşmanı kompensasiya etmək mümkün deyil"

"Sahibkarlar da bunu gözəl bilirlər ki, ildə 5 kostyum yox, 1 kostyum da geyinmək olar, amma hər gün yemək lazımdır. Ona görə də ərzaqda, yeyinti məhsullarının qiymətində bahalaşma daha çox müşahidə olunacaq",-deyə qeyd edən Akif Nəsirli bildirdi ki, əhalinin gəlirlərini hökumətdən başqa kompensasiya edəcək bir instansiya yoxdur: "Ancaq məsələ burasındadır ki, hökumətin də imkanları məhduddur. Hökumət çalışacaq ki, bunu nə iləsə kompensasiya eləsin. Ötənilki vəziyyətə görə bu il guya pensiyaları kompensasiya elədilər - sığorta hissəsini artırdılar. Amma bu artım 2 dəfə bahalaşan ərzağın qarşılığında artım deyil, kompensasiya deyil. Adekvat kompensasiya potensialı bu gün nə hökumətdə var, nə də özəl şirkətlərdə var. Kompensasiya etmək barədə kimsə düşünə bilər, amma onu tam şəkildə reallaşdırmaq mümkün deyil. Çünki hökumətin imkanları məhduddur, heç özəl sektorun da imkanları o qədər deyil. Ölkədə iqtisadi qaynaq olmadığına görə bunları tam şəkildə kompensasiya etmək təcrübi baxımdan mümkün deyil. Nəzəri baxımdan demək olar, amma praktiki baxımdan indiki bahalaşmanı kompensasiya etmək mümkün deyil".

"Ümumi qiymət artımı gedirsə, ayrıca bir firmanın qiyməti sabit saxlaması mümkün deyil"

Akif Nəsirli hesab edir ki, Azərbaycanda ərzaq məhsulları üzrə yerli istehsalın da xammal baxımından xaricdən asılı olması bahalaşmaya təsir edəcək: "Bütün yerli istehsallarımız hələ ki, xarici təsirlərdən asılıdır. Dollardan asılı olmayan yerli məhsul istehsalı hələ ki, Azərbaycanda mümkün deyil. Məsələn, deyirlər toyuq, yumurta istesahlı və s. Araşdırın, toyuğun yemini haradan alırlar? Azərbaycanda toyuğu, heyvanı saxlamaq üçün ərzaq bazası varmı? Yerli istehsal, yem bazası varmı? Xammal istehsalın özəyidir. Xammal əgər xaricdən gəlirsə, sözsüz ki, dolların məzənnəsi ona təsir göstərəcək. Bizdə idxaldan asılı istehsaldır. Ona görə də bu məhsullara sözsüz ki, təsir eləyəcək. Digər tərəfdən, əgər bazarda bütün məhsulların qiyməti qalxırsa, tutaq ki, toyuq məhsulları istehsal edən şirkət öz işçilərinin əməkhaqqını artırmalı deyilmi? Bu qədər qiymət artımı fonunda həmin işçilərin əməkhaqqı axı dəyər itirir. Nominal dəyəri qalır, amma real dəyəri itirir. Real dəyəri itirdiyinə görə həmin şirkətin rəhbəri də öz işçilərini dolandırmaq, firmasını saxlaya bilməkdən ötrü qiymətləri sözsüz ki, tənzimləyərək, real qiymətlərə uyğunlaşdırmalıdır. Belə olmasa, istənilən bir şirkət müflisləşər. Yəni ümumi qiymət artımı gedirsə, ayrıca bir firmanın və yaxud bir sahənin, bir seqmentin qiyməti sabit saxlaması mümkün deyil. Hər şeyin qiyməti qalxırsa, o da qalxmalıdır".

Nicat

DİGƏR XƏBƏRLƏR

Top