“Süni intellekt milyardlarla insanın ölümünə səbəb ola bilər” – Bill Qeyts


“Microsoft”un həmtəsisçisi Bill Qeyts süni intellektin sürətli inkişafının yaratdığı risklər barədə xəbərdarlıq edib.
Yeniavaz.com
xəbər verir ki, Qeyts NBC telekanalının “Meet the Press” proqramında bildirib ki, süni intellektin zərərli məqsədlərlə istifadəsi milyardlarla insanın ölümü də daxil olmaqla çox ciddi nəticələrə səbəb ola bilər.
Onun sözlərinə görə, hazırda əsas təhlükə süni intellektin özünün mövcudluğu deyil, bu texnologiyadan pis məqsədlər üçün istifadə edilməsidir. Qeyts hesab edir ki, süni intellekt kiçik qruplara əvvəllər yalnız böyük dövlətlərin həyata keçirə bildiyi genişmiqyaslı fəaliyyətləri reallaşdırmaq imkanı verə bilər.
Qeyts ABŞ-də fəaliyyət göstərən süni intellekt sistemləri üçün müəyyən təhlükəsizlik tələblərinin tətbiq edilməsini və bu sahədə Çinlə də beynəlxalq əməkdaşlığın qurulmasını təklif edib.
O, süni intellektin inkişafının dayandırılmasına və ya yavaşladılmasına çağırmadığını vurğulayıb. Bunun əvəzinə həm dövlət tənzimləməsinin, həm də texnologiya şirkətlərinin özünütənzimləməsinin vacib olduğunu bildirib.
Qeytsin sözlərinə görə, süni intellektlə bağlı beynəlxalq razılaşmaya nail olmaq Soyuq müharibə dövründə nüvə silahlarının məhdudlaşdırılması ilə bağlı danışıqlardan belə çətin ola bilər.
Müsahibə zamanı Qeytsdən ABŞ Prezidenti Donald Trampın süni intellekt təhlükəsizliyi ilə bağlı narahatlıqların “uydurma” olduğu barədə açıqlaması da soruşulub. “Qeyts bu fikirlə razılaşmayaraq, “Bu, uydurma deyil” deyib. Bununla yanaşı, o, Trampın gələcəkdə bu mövqeyi bölüşə biləcəyini düşündüyünü bildirib.
Qeyts həmçinin qeyd edib ki, süni intellekt hələ tamamilə nəzarətdən çıxmayıb. Onun sözlərinə görə, texnologiya hazırda milyonlarla robotu idarə etmir və kompüteri söndürmək hələ də mümkündür.

DİGƏR XƏBƏRLƏR

Top